• Ana səhifə
  • Xəbərlər
  • Şəkidə təbii fəlakətdən zərər çəkmiş fermerlərə 500 000 manat sığorta ödənilib
Şəkidə təbii fəlakətdən zərər çəkmiş fermerlərə 500 000 manat sığorta ödənilib

Mart ayında Şəkidə baş vermiş təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlərə sığorta ödənilib. 

Şəki rayonunun Turan qəsəbəsi, Şəki kəndi, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Məhsullarını sığortalayan fermerlər tərəfindən Aqrar Sığorta Fonduna məlumat verildikdən sonra müstəqil ekspertlər sahələrə dəyən zərəri qiymətləndiriblər. Qiymətləndirmə zamanı Şəkidə 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, bu günlərdə Qobustan rayonunda fırtınadan zərər çəkən təsərrüfatların sahiblərinə 300 000 manat sığorta vəsaiti ödənilib.  Artıq Şəki üzrə də ümumilikdə 500 000 manat məbləğində zərər ödənişlərinə başlanılıb: “Artıq aqrar sığorta sistemi ölkənin bütün bölgələrində tətbiq olunaraq istehsal həcminin təxminən 95 faizini əhatə edir. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər aqrar sığorta sisteminin xidmətlərindən istifadə edə bilərlər”.

Aqrar Sığorta Fondu tərəfindən ilin sonunadək bitkiçilik təsərrüfatlarında baş verən hadisələrlə bağlı 3 mln manat zərər ödənişlərinin edilməsi gözlənilir.

Qeyd edək ki, 2021-2022-ci il əkin mövsümündə Şəkidə 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanıb. Sığortalanmış ərazilərin 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir.