Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) “Bank Respublika” ASC ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb. Memorandumun məqsədi AKİA-nın müvəkkil kredit təşkilatlarından biri olan “Bank Respublika” ilə əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. Sənədi AKİA-nın sədri Mirzə Əliyev və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, anlaşma memorandumuna əsasən fermerlərin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək veriləcək: “Dövlətin aqrar sahədə tətbiq etdiyi güzəştlərdən faydalananlar təkcə fermerlər deyil. Aparılan islahatlar, tətbiq edilən güzəştlər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin inkişafına xidmət edir. Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərindən istifadə ilə verilən güzəştli kreditlər, kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı bankların, kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının, sığorta və lizinq şirkətlərinin də müştəri şəbəkəsinin genişlənməsinə səbəb olur. Bunun müqabilində dövlət də həmin sahibkarlardan aparılan islahatlara dəstək istəyir. Bu memorandumu imzalamaqda məqsədimiz fermerlərin məlumatlandırılmasında və aqrar sahədə biliklərinin genişləndirilməsində Bank Respublikanı özümüzə tərəfdaş görmək istəyimizdir”.
“Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib ki, təmsil etdiyi maliyyə qurumu ölkədə aqrar sektorun inkişafı ilə bağlı layihələri dəstəkləyəcək: “Bank Respublika sahibkarlığın və xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olub. Bu baxımdan, aqrar sahənin inkişafına birbaşa dəstək verən dövlət qurumu ilə - Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığımız bizə real sektorun dəstəklənməsi istiqamətində geniş imkanlar yaradır. Agentlik ilə əməkdaşlıq çərçivəsində bankımıza ayrılan güzəştli kreditlər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayır. Bank Respublika qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmin olunması istiqamətində işlər görməyə davam edəcək”.
Əməkdaşlıq memorandumu çərçivəsində fermer və sahibkarlar üçün birgə təlimlərin keçirilməsi, məlumatlandırma və reklam kampaniyalarının, seminarların təşkili nəzərdə tutulub.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024