Yüksək ixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi Latviya Təbiət Elmləri və Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb. Baytarlıq təbabəti ixtisası üzrə Avropanın ən qabaqcıl universitetlərindən olan bu universitetlə Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutub.
AKİA ilə Latviya Təbiət Elmləri və Texnologiya Universiteti arasında imzalanmış müqaviləyə əsasən, ADAU-da müvafiq ixtisas üzrə tədris proqramı beynəlxalq standartlara uyğun olaraq yenilənəcək, tələbələr və müəllimlər üçün seminarlar, təcrübə proqramları həyata keçiriləcək.
“Yüksək rəqabət qabiliyyətinə malik kənd təsərrüfatı məhsulları istehsalı və istehlakçıların sağlam qida ilə təminatı üçün ixtisaslı baytarlara ehtiyacımız var. Güclü elmi, maddi-texniki bazaya malik, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya və baytarlıq klinikası olan, Almaniya, Fransa, İngiltərə və başqa inkişaf etmiş Avropa ölkələrinin mütəxəssislərinin dəvət alıb, dərs dediyi bu universitetin təcrübəsini öyrənmək bizim həm mütəxəssislər, həm də yetişməkdə olan kadrlar üçün çox faydalı olacaq” - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev yeni başlayan tərəfdaşlığı belə şərh edib.
Tədbirdə iştirak edən Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs, Latviya parlamentinin üzvü və Latviya Universitetinin professoru Ilmars Duritis, Milli Məclisin Elm-Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Milli Məclisin Azərbaycan-Latviya Parlamentlərarası işçi qrupun rəhbəri Kamran Bayramov yaradılmış bu əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini bildiriblər. Rektor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetindəki yeniliklərə diqqət çəkib və tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılmasının ADAU tələbələrinin dünyanın məşhur universitetlərində təhsillərini davam etdirməsinə imkan verəcəyini qeyd edib.
Tədbir əməkdaşlıq müqaviləsinin imzalanması ilə başa çatıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024