Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq fermerlərin elmi təminatının gücləndirilməsi məqsədi ilə yeni innovativ layihələrin həyata keçirilməsinə başlayıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının, regional aqrar elm mərkəzlərinin əkin strukturu təkmilləşdirilməklə, idxalı əvəz edən ərzaq və yem bitkilərinin nümayiş əkinləri təşkil olunmaqla son elmi-texniki naliyyətlərin fermerlərə çatdırılması təmin olunacaq. Bu məqsədlə artıq Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində Almaniyanın “Claas” şirkəti ilə birgə taxıl bitkilərinin yeni üsulla səpini həyata keçirilib, səpin prosesi bölgə fermerlərinə nümayiş etdirilib. Növbəti addım kimi Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində məhsuldar yem bitkilərinin əkininə başlanılıb. Mərkəzin əkin sahəsində Türkiyənin “Magnum-V” yonca toxumunun nümayiş səpini həyata keçirilib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Pərviz Cəfərov fermerlərin diqqətinə çatdırıb ki, ölkədə heyvandarlığın intensiv yolla inkişafı nəzərə alınaraq yem təminatının gücləndirilməsi məqsədi ilə adıçəkilən yonca sortunun əkin sahəsi yaradılır. Gələcəkdə “Magnum-V” sortunun toxumçuluğu təşkil edilərək yem əkinçiliyi ilə məşğul olan fermerlər arasında yayılacaq.
Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov isə bildirib ki, indiyə qədər əkin dövriyyəsində tətbiq edilmiş yonca sortlarından fərqli olaraq “Magnum-V” bir sıra bioloji-potensial üstünlüklərə malikdir. “Bu sortun yerli torpaq-iqlim şəraitinə adaptasiyası yüksəkdir, xəstəlik və zərərvericilərə qarşı dözümlüdür, hər hektara düşən toxum materialının həcminə ( 2,5-3 kq) qənaət olunur. Üstəlik, bu sortun hər biçinarası vaxtı qısadır, təsərrüfat dövrü uzundur, protein tərkibi zəngin olduğu üçün ( 28%) xırda və iribuynuzlu heyvanlar arasında sürətli çəki və süd artımını təmin edir. Boy hündürlüyü yüksək, yəni 75-85 sm olduğu üçün yaşıl kütlə çıxımı daha çoxdur. Vegetasiya dövrünə uyğun olaraq bir ildə 6 dəfə biçmək mümkündür”, - deyə Mirağa Kazımov vurğulayıb.
Qeyd edək ki, səpin sahə nümayişi zamanı intensiv yemçiliklə bağlı bölgə fermerlərini maraqlandıran suallar cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024