Elmi-tədqiqat institutları arasında birgə əməkdaşlıq həyata keçiriləcək

Üzümçülükdə istifadə edilən əsas və köməkçi materialların yerli istehsalının təşkili məqsədlə Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov  və Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov imzalayıb.

Əməkdaşlıq müqaviləsində məqsəd NKPİ-da sintez edilən və üzümçülükdə istifadə olunan gübrələrin, boy maddələrinin, funqisidlərin birgə sınağının həyata keçirilməsi, onların səmərəliliyinin müəyyən edilməsi, geniş yayılmasını həyata keçirməkdir. Bundan başqa, üzümün emal məhsullarının qalıqlarından səmərəli istifadə edərək onlarda bioloji aktiv maddələrlə zəngin olan biriləşmələrin  alınması, məqsədyönlü istifadəsi  və tətbiqi istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan ən başlıcası üzüm toxumundan “üzüm yağı”nın alınmasıdır.  Müqaviləyə əsasən, hər iki institutun əməkdaşları tərəfindən tingçiliyin innovativ texnologiyalalarla inkişafı ilə bağlı üzüm əkin materialının sürətli artırılması, ting çıxımının yüksəldilməsi məqsədilə NPKİ-da sintez edilən boy maddələrin sınaqdan keçirilməsi və səmərəli nümunələrin müəyyən edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.  

Hər iki institutun birgə hazırladığı yeni funqisid-“2-morfolilmetil-5-metilfenolun kompleks xlorid duzu” Azərbaycanda üzümün salxım və yarpaqlarında əmələ gələn oidium xəstəliyinə qarşı mübarizədə pestisid kimi geniş tətbiqi nəzərdə tutulur. Bu ixtiraya yerli (2-Morfolilmetil-5-metilfenolun kompleks duzu üzümçülükdə oidium xəstəliyinə qarşı pestisid kimi tətbiqi. Patent a 20130085, 2013) və Avrasiya (Евразиский патент № 024384) patenləri alınıb.

Həmçinin, “Poliakrilamidin kükürdlə suda suspenziyasının və mis kuporosunun poliakrilamidlə məhlulu” olan funqisid ilk dəfə olaraq hazırlanaraq üzümçülükdə geniş yayılmış mildium və oidium xəstəliyinə qarşı mübarizədə istifadə ediləcək və səmərəliliyinin müəyyən edilməsi məqsədilə Abşeron, Gəncə, Cəlilabad təcrübə təsərrüfatlarında sınaqları həyata keçirəcək.