QUBA FERMER EVİNDƏ ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLİB

14 may 2018-ci il tarixdə Quba Fermer Evində Kənd Təsərrüfatı Nazirliyi, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Quba Regional Aqrar Elm İnformasiya Məsləhət Mərkəzi (RAEİMM) və İspaniyanın “Viveros Veron” şirkətinin birgə təşkilatçılığı  ilə “Azərbaycanda meyvəçiliyin inkişaf potensialı. Yüksək gəlirli bağların təsisi üçün ispan texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarı giriş sözü ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov açıb.

Kənd Təsərrüfatı Nazirliyinin Elm və Təhsil şöbəsinin müdiri Namiq Məmmədov və Nazirliyin Bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov çıxış edərək meyvəçiliyin inkişafı ilə əlaqədar son illərdə görülmüş işlərdən danışıblar. Qeyd edilib ki, meyvəçiliyin intensiv inkişafı nəticəsində respublikaya meyvə idxalının həcmi azalıb, xarici ölkələrə meyvə məhsulunun ixracında nəzərə çarpan artım hiss olunur. Hazırda tingçiliyin yeni texnologiya ilə inkişafına başlanılıb, bu sahədə ispan texnologiyasından istifadə edilir. Yaxın gələcəkdə respublikada yerli ting istehsalında da irəliləyişə nail olunacağına əminlik ifadə olunub.

Daha sonra İspaniyanın “Viveros Veron” şirkətinin rəhbəri Çus Veron “Azərbaycanda meyvəçiliyin inkişafı üçün qarşıya qoyulan məqsəd və vəzifələr, investisiyadan yüksək gəlirlilik” mövzusunda, “Viveros Veron” şirkətinin mütəxəssisləri: - Rikardo Molina “Bağın salınması üçün ilk addımlar”, Xulion Rodrigez “Bağın inkişafı üçün suvarmanın vacibliyi”, Xose Martin Çarles “Sortların düzgün seçilməsinin əhəmiyyəti – şaftalı, nektarin, ərik, gilas və badam bitkilərinin yeni sortları” və Fransisko Alaya “Badam bitkisinin becərilməsi” mövzularında çıxış ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.  


  • A
  • A
  • A