Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonundakı Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində fermerlər üçün pambığın innovativ texnologiya ilə əkini və becərilməsinə həsr olunan təlim keçirilib.
Tədbirdə pambıqçılıqla məşğul olan 30 fermerə Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Çin Xalq Respublikasından gələn mütəxəssislər yeni texnologiyanın üstünlükləri barədə geniş məlumat veriblər.
Təlimdə sahənin lazer mala ilə hazırlanmasından sonrakı aqrotexniki əməliyyat olaraq dərin yumşaldıcı ilə 60-70 sm dərinliyə qədər işlənmə (reperləmə) əməliyyatı nümayiş olunub. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri barədə fermerlərə məlumat verilib. Bildirilib ki, dərin yumşaltma torpağın əkinaltı bərkimiş qatının dağılmasına, mikro drenlərin yaradılmasına, su-hava rejiminin yaxşılaşdırılmasına, bitkinin kök sisteminin normal inkişafına şərait yaradır və nəticədə məhsuldarlıq artır.
Qeyd edilib ki, bu ildən respublikamızda ilk təcrübə kimi pambığın innovativ Türkiyə, Çin və Yunan texnologiyası ilə əkini və becərilməsi həyata keçiriləcək.
“Bu gün burada 10 hektar sahədə Çin texnologiyası əsasında pambıq əkininə hazırlıq işləri görülür. Bizim ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq sahə lazer mala ilə hazırlanıb və 70 sm-ə qədər yumşaldılıb. Damcılı suvarma sistemi qurulacaq. Cərgəarası 90 santimetr olmaqla 2 sırada əkin aparılacaq ki, hər hektarda 200-220 min bitki olacaq. Bizim ənənəvi üsulla apardığımız əkində isə 100-110 min bitki olur. Yeni texnologiya ilə fermer hər hektardan 50-60 sentner məhsul götürə biləcək. Halbuki, bizdə bu rəqəm 16-17 sentner olur”, - deyə qeyd olunub.
Seminarda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024