Azərbaycanda 4-ü Yunanıstan, 4-ü Türkiyə və 4-ü Azərbaycan mənşəli olmaqla ümumilikdə 12 pambıq sortunun ənənəvi becərmə şəraitində qiymətləndirilməsi həyata keçiriləcək.
Bu məqsədlə Yunanıstanın “Bios Agrosystems” şirkətinin 6 nəfərdən ibarət mütəxəssis qrupu 3-6 may 2019-cu il tarixlərində Azərbaycanda səfərdə olub. Bu səfər Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Salyan və Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri (RAEİM) arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən pambıq sortlarının ənənəvi becərmə şəraitində qiymətləndirilməsi layihəsi çərçivəsində təşkil olunub.
Bu layihəyə uyğun olaraq yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi aparılacaq. Məqsəd məhsuldarlıq, vegetasiya müddəti, yerli iqlim şəraitinə dözümlülük göstəricilərinə görə fərqlənən sortları seçmək və müvafiq seleksiya işi aparmaqla həmin sortların lif keyfiyyətini artırmaq və nəhayət yerli toxumçuluğun təşkilinə nail olmaqdır.
Müqaviləyə əsasən təcrübələrin 2 sxem üzrə Salyan RAEİM-in və 4 sxem üzrə Tərtər RAEİM-in ərazisində aparılması nəzərdə tutulub. Təcrübələrin təklif edilən sınaq sxemlərinə uyğun olaraq aparılmasına nəzarət etmək və səpində bilavasitə iştirak etmək məqsədi ilə şirkətin mütəxəssisləri may ayının 4-də Salyan RAEİM-in ərazisində bu məqsəd üçün ayrılmış əkin sahəsində olub və toxumların əkin prosesində iştirak ediblər.
Şirkətin mütəxəssisləri 5-6 may tarixlərində Tərtər RAEİM-ə baş çəkib və toxumların sxem üzrə səpinini həyata keçiriblər. Hər iki sahədə səpinqabağı torpaq becərmə işlərinin yüksək səviyyədə aparıldığı müşahidə edilib.
“Bios Agrosystems” şirkətinin mütəxəssislərinin təcrübə sahələrində ilkin qiymətləndirilmənin aparılması və müvafiq məlumatların qeydə alınması məqsədi ilə iyun ayının sonlarında Azərbaycana növbəti səfəri gözlənilir.
İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib
08 May 2024
11-12 may tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
08 May 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Ağdamda vətəndaşları qəbul edəcək
08 May 2024
Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib
08 May 2024
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul edəcək
08 May 2024