Bərdə rayonunda toxum sərgi satış yarmarkası və panel müzakirə keçirilib

Fermer və sahibkarların aqrar sahədə tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması eləcə də sertifikatlı toxuma əlçatanlığın təmin edilməsi məqsədilə noyabrın 4-də Bərdə rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” panel müzakirəsi və növbəti toxum sərgi-satış yarmarkası keçirilib.

Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Panelin açılışında çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev aqrar istehsalın rayonun sosial-iqtisadi inkişafındakı rolunu vurğulayaraq, fermerlərin dövlətin yaratdığı imkanlardan yararlanmasının vacibliyini diqqətə çatdırıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə bu cür görüşlərin istehsalçılarla aidiyyəti qurumlar arasında birbaşa əlaqələrin qurulmasına, mövcud dəstək imkanlarının yerində izah edilməsinə və praktiki məsələlərin həllinə töhfə verdiyini bildirib.

Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının müvafiq şöbələri, Aqrar Kredit və İnkişaf Agentliyi, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və “Unibank” ASC-nin nümayəndələri spiker qismində iştirak ediblər.

Çıxışlar zamanı subsidiya ödənişləri, Aqrar Subsidiya Şurasının yeni qərarları, aqrar sığorta, toxum təminatı, güzəştli kreditlər və istehsalçıların maliyyə resurslarına çıxış imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, qida təhlükəsizliyi tələbləri və məşğulluq proqraamları barədə məlumat verilib.

Panel çərçivəsində iştirakçıların müraciətləri dinlənilib, onları maraqlandıran suallar aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb.

Həmçinin Bərdə Rayon İcra Hakimiyyətinin inzibati binasında fermerlərin yekdək məhsuldarlıqlı, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışını təmin etmək məqsədilə toxum sərgi-satış yarmarkası təşkil olunub. Yarmarkada sertifikatlı toxumlar nümayiş etdirilib, fermerlərə təqdim olunan məhsullarla tanış olmaq və onları əldə etmək imkanı yaradılıb. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması və istifadə xüsusiyyətləri barədə məlumat alıblar.