Göygöl rayonunda “Göygöl Brendi-Konyak Günü” tədbiri keçirilib. Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında keçirilən tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə baş tutub.
Tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər. Proqram çərçivəsində müxtəlif brendi konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar keçirilib, həmçinin, tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri təşkil olunub.
Qeyd edək ki, Göygöl rayonu kənd təsərrüfatı və turizm sahəsində zəngin potensiala malik olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq ənənələri ilə seçilən bölgələrdəndir.
Tarixi alman irsi ilə iç-içə olan Göygöl şəhəri bu sahədə illərdir formalaşmış istehsal mədəniyyəti və məhsul keyfiyyəti ilə tanınır. Göygöldə şərab istehsalının ilkin tarixi 1860-cı ilə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin yaranmasının və onun sonrakı inkişafının başlanğıcı hesab olunur. Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) "Forer qardaşları" tərəfindən təməli qoyulub. 1895-ci ildə isə "Hummel qardaşları" tərəfindən Helenendorfda konyak zavodu açılıb.
Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026