• Ana səhifə
  • Xəbərlər
  • “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” layihəsinin açı...
“Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” layihəsinin açılışı olub

Bu gün Bakıda “Kənd təsərrüfatı kooperativlərinin bazar rəqabətinin artırılması məqsədilə təşviqi” layihəsinin açılış mərasimi keçirilib. Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində icra olunur. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, müvafiq sahədə fəaliyyət göstərən assosiasiyaların, FAO-Azərbaycan ofisinin nümayəndələri, o cümlədən xarici ekspertlər iştirak edib.

Tədbirdə çıxış edən AKİA-nın sədri Seymur Mövlayev bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Agentlik sədri  FAO  ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Seymur Mövlayev kiçik pay torpaqlarının birləşdirilməsi nəticəsində kooperativlərin yaradılması yolu ilə daha səmərəli aqrar fəaliyyətin təşkilinin mümkün olduğunu diqqətə çatdırıb: “Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı kooperativlərinə AKİA tərəfindən bütün növ kreditlər üçün faiz dərəcəsi maksimum 5% olaraq müəyyən edilib. Həmçinin, istifadəsində 50 hektardan çox torpaq sahəsi olan kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10% artıq differensiallaşdırılmış məbləğdə subsidiyalar verilir”.   

Mütəxəssislər bildiriblər ki, kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir,  fermerlərin gəlirləri daha da artmış olur. Bu üsul həmçinin rəqabət qabiliyyətli məhsul istehsalına imkan verir, xarici bazarlara çıxışı asanlaşdırır. Kooperativləşmə aqrar sahədə bir çox məsələləri daha asanlıqla həll etməyə imkan verir.

Tədbirdə yerli və beynəlxalq ekspertlər tərəfindən müxtəlif ölkələrdə kənd təsərrüfatı kooperativləri və onların fəaliyyətləri ilə bağlı təqdimatlar keçirilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, mütəxəssislər  kooperativləşmə ilə bağlı fikirlərini bölüşüb, rəy və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, “Bazarda rəqabətliliyin artırılması üçün kənd təsərrüfatı kooperativlərinin təşviqi” layihəsinin əsas məqsədi istehsal kooperativlərinin yaradılmasını təşviq etməkdir. Layihə çərçivəsində kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti təhlil ediləcək, maraqlı tərəflər üçün metodoloji yanaşmalar tətbiq olunacaq, hazırki qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriləcək.