Görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Səfər çərçivəsində əvvəlcə Oklahoma ştatının kənd təsərrüfatı naziri Bleyn Artur (Blayne Arthur) ilə ikitərəfli görüş keçirilib.
Nazir Məcnun Məmmədov Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. 2019-cu ildən Oklahoma ştatı ilə inkişaf edən aqrar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayan nazir rəqəmsallaşma, süni intellekt, müasir suvarma texnologiyaları və elmi tədqiqatlar sahəsində ABŞ təcrübəsinin öyrənilməsinin, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Bleyn Artur Azərbaycanın aqrar sahədə həyata keçirdiyi tədbirlərin maraq doğurduğunu, Azərbaycan ilə Oklahoma arasında uzun illərə söykənən əlaqələrin kənd təsərrüfatı sahəsində də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladaraq, əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında tərəfdaşlığın inkişafı, ikili diplom proqramları, tələbə və mütəxəssis mübadiləsi, birgə təlim və təcrübə proqramlarının təşkili məsələləri diqqətə çatdırılıb.
Səfər çərçivəsində Oklahoma ştatı qubernatorunun müavini Mett Pinnell və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Tomas H. Mançino ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ticarət və investisiya əlaqələrinin inkişafı, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması barədə məlumat verilib. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının rəqəmsal texnologiyalar əsasında, beynəlxalq standartlara uyğun və iqlim dəyişikliklərinə davamlı model üzrə inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidmətinin (ARS) Otlaq Sahələri üzrə Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Laboratoriyada otlaq və yem bitkilərinin məhsuldarlığının artırılması, torpaq və təbii resurslardan səmərəli istifadə, iqlim dəyişikliklərinin otlaq ekosistemlərinə təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib. Görüşdə Azərbaycanın heyvandarlıq sektorunda yem bazasının gücləndirilməsi və otlaq sahələrinin səmərəli idarə olunması baxımından qabaqcıl təcrübənin tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan kənd təsərrüfatı şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri, aqrar sektorun inkişaf prioritetləri və ölkəmizdə mövcud investisiya imkanları barədə təqdimatla çıxış edib. Azərbaycanda əlverişli biznes mühiti barədə məlumat verən nazir şirkət nümayəndələrini Azərbaycanın aqrar sektoruna sərmayə yatırmağa dəvət edib.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
14 Noyabr 2026
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13 Noyabr 2026