Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Dövlət Departamentinin İqtisadiyyat, Energetika və Biznes Məsələləri Bürosu üzrə Dövlət katibinin köməkçisinin baş müavini Huqo Yon ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, aqrar sahədə investisiya imkanları, qabaqcıl texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazir Məcnun Məmmədov Azərbaycanın qeyri-neft sektorunun inkişafında, xüsusilə kənd təsərrüfatında ABŞ şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların, süni intellekt əsaslı həllərin və dəqiq əkinçilik sistemlərinin tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, damazlıq heyvandarlıq və genetik seleksiya istiqamətlərində birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Məcnun Məmmədov işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının müasir prinsiplər əsasında qurulması, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlıqlı təsərrüfat modellərinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu kontekstdə ABŞ-ın qabaqcıl kənd təsərrüfatı texnikası istehsalçısı “John Deere” şirkəti ilə strateji əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ABŞ şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirakı, texnologiya transferi və aqrar sahədə innovasiyaların tətbiqi üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin kənd təsərrüfatında elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsi, aqrar genetika sahəsində təcrübə mübadiləsi, mütəxəssis potensialının gücləndirilməsi və müasir idarəetmə təcrübələrinin tətbiqi məsələlərinə toxunulub.
Nazir “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş prioritetlər, aqrar investisiyaların təşviqi və özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.
Tərəflər aqrar sahədə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi, ABŞ şirkətlərinin Azərbaycan bazarında iştirak imkanlarının genişləndirilməsi və mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyini qeyd ediblər.
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
19 Noyabr 2026
Zaqatalada Dövlət Proqramı çərçivəsində təsərrüfatlara baxış keçirilib
19 Noyabr 2026
Bakıda “Peşə Təhsili Forumu” keçirilib
19 Noyabr 2026
Xaçmazda beynəlxalq ekspertin iştirakı ilə müasir bağçılıq üzrə sahə görüşü keçirilib
19 Noyabr 2026
Balakən rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
19 Noyabr 2026