• Ana səhifə
  • Xəbərlər
  • “Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib
“Aqronomiya və bitki sağlamlığı: elmi biliklərdən praktiki təcrübəyə” mövzusunda konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda konfrans keçirilib. Konfransda Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, FAO rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, eləcə də dövlət və özəl sektorda fəaliyyət göstərən aqronomlar iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bitkiçilik sektorunda əldə olunan nailiyyətlərə toxunaraq, dayanıqlı kənd təsərrüfatı istehsalında aqronomların rolunu vurğulayıb. O bildirib ki, hazırda ölkənin ərzaqlıq buğdaya olan tələbatının təxminən 55 faizi yerli istehsal hesabına ödənilir. Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək 65–70 faizə çatdırılması, buğdanın məhsuldarlığının hektardan 50 sentnerə yüksəldilməsi, müasir suvarma sistemləri tətbiq olunan sahələrin isə 300 min hektara çatdırılması hədəflənir.

Nazir müavini, həmçinin cari ilin 9 ayında dənli və dənli-paxlalı bitkilərin istehsalının 8 faizdən çox artdığını, ötən il 173 min ton pomidor və 187 min ton xurma ixrac edildiyini diqqətə çatdırıb. Həmçinin, aqronomiyanın ərzaq təhlükəsizliyinin təmin edilməsində və bitki sağlamlığının qorunmasında əhəmiyyətini qeyd edərək, elmi biliklərin praktikaya tətbiqinin, müasir texnologiyalardan istifadənin və mütəxəssislərin peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb.

FAO rəhbərinin proqram üzrə köməkçisi Bariz Mehdiyev isə təşkilatın aqrar sahədə dayanıqlı inkişafın təşviqi, bitki sağlamlığının qorunması və beynəlxalq təcrübənin bölüşdürülməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, elmi yanaşmaların fermer təsərrüfatlarında tətbiqinin, müasir bilik və təcrübənin aqrar sektora inteqrasiyasının vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri Elmar Allahverdiyev çıxış edərək aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərin praktikada tətbiqinin, müasir yanaşma və texnologiyalardan istifadənin vacibliyini vurğulayıb. O, bitki sağlamlığının qorunması, fitosanitar təhlükəsizliyin təmin edilməsi və bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətinə toxunub.

Tədbirin əsas məqsədi aqronomiya və bitki sağlamlığı sahəsində elmi biliklərlə praktiki təcrübə arasında əlaqəni gücləndirmək, müasir yanaşmaların tətbiqini təşviq etmək və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə vermək olub. Konfrans, eyni zamanda, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritetlərə uyğun olaraq aqrar istehsalın səmərəliliyinin artırılması, innovasiyaların və müasir texnologiyaların tətbiqi, elmi tədqiqatların nəticələrinin istehsalata inteqrasiyası, məhsuldarlığın yüksəldilməsi və bitki sağlamlığının qorunması istiqamətində qarşıya qoyulan hədəflərə xidmət edib. Bununla yanaşı, ümumi çağırışlar kontekstində innovativ yeniliklərin istehsalata ötürülməsi, elmi fəaliyyət zamanı müasir tələblərin nəzərə alınması, eləcə də əldə olunan elmi nəticələr əsasında müvafiq metodologiya və metodiki qaydaların hazırlanması məsələləri də diqqət mərkəzində olub.

Konfrans panel sessiyaları və sərbəst çıxışlarla davam edib. Sessiyalar çərçivəsində ixrac bazarlarında dəyişən tələblər, bitki sağlamlığı və aqronomik standartların ölkədə istehsal olunan məhsullarda nəzərə alınmasının əhəmiyyəti, bu istiqamətdə mövcud problemlər və onların həlli üçün görülən işlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə bitki sağlamlığının təmin olunmasında müasir yanaşmalar, dövlət dəstəyinin rolu, özəl sektorun iştirakı və aqrar xidmətlərin inkişaf perspektivləri diqqət mərkəzində olub. Eyni zamanda, müasir çağırışların aradan qaldırılması, elmi tədqiqatların nəticələrinin praktikada tətbiqi, elm, təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi, innovativ texnologiyaların aqrar sahəyə inteqrasiyası məsələləri müzakirə edilib. Panel iştirakçıları aqronomların peşəkar bilik və bacarıqlarının artırılmasının, müasir elmi yanaşmaların təsərrüfatlarda tətbiqinin, bitki sağlamlığının qorunmasının, eləcə də dövlət qurumları, özəl sektor və elmi müəssisələr arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev kənd təsərrüfatı məhsullarının yalnız istehsalının deyil, onların keyfiyyətinin, sağlamlığının və bazarda rəqabət qabiliyyətinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məhsulun yetişdirilməsi ilə iş başa çatmır, istehsal olunan məhsul həm bazar tələblərinə cavab verməli, həm də istehlakçı üçün təhlükəsiz olmalıdır.

Konfrans aqrar sahədə çalışan mütəxəssislər, elm və təhsil nümayəndələri, dövlət və özəl sektor təmsilçiləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.