Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qəbələ ASAN Xidmət Mərkəzində Aqrar Biznes Festivalı keçirilib.

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə təşkil olunan festivalda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarından fermerlər iştirak ediblər.

Festivalda kənd təsərrüfatı fəaliyyətinin maraqlı tərəfləri olan təchizatçı şirkətlər və dövlət qurumlarının mütəxəssislərinin fermerlərlə bir araya gələrək təcrübə mübadiləsi aparmasına, məhsul satışına imkan yaradılıb.

Tədbirdə ümumilikdə 60-dan çox aqrar sahədə fəaliyyət göstərən özəl şirkət və dövlət qurumları təmsil olunub. Aqrar Biznes Festivalında regionda sahibkarlığın inkişafına dəstək vermək, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlılığı artırmaq məqsədilə 10-a yaxın bank və bank olmayan kredit təşkilatı da iştirak edib.

2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən Qəbələ rayonunun İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini  Vidadi Quliyev və KTN Protokol sektorunun müdiri Toğrul Qafarbəyli Aqrar Biznes Festivallarının sahibkarlarla fermerlərin bir araya gətirən, maairfləndirmə prosesinə mühüm töhfə verən platforma kimi dəyərləndiriblər.

Festival çərçivəsində Sahibkarlar Günü münasibətilə 2024-ci ilin I rübü ərzində Aqrar Biznes Festivalları çərçivəsində yüksək nəticələr əldə etmiş sahibkarlar təşəkkürnamə ilə təltif olunublar.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin mütəxəssisləri “Azərbaycanda 2023-cü ildə tütün istehsalı” mövzusunda təqdimat ediblər. Təqdimatda tütün emalı və istehsalı müəssisəsinin rəhbərləri, tütünçülüklə məşğul olan fermerlər iştirak ediblər.  İştirakçılara tütün istehsalı, tədarükü, emalı və məhsuldarlığı, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib.

Maarifləndirmə sessiyasında tütünçülüyün mövcud durumu, mövcud çətinliklər barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.