• Ana səhifə
  • Xəbərlər
  • Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirilib
Biləsuvarda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirilib

Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Biləsuvar rayonunda iri fermer təsərrüfatlarına və emal müəssisələrinə baxış keçirilib.

Prezident Administrasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən görüşlərdə rayonda fəaliyyət göstərən iri fermer təsərrüfatları və emal müəssisələrinin işi ilə yerində tanışlıq olub.

Bildirilib ki, Prezident İlham Əliyevin aqrar sektorun inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər Biləsuvar rayonu üçün də mühüm əhəmiyyət daşıyır. Kənd təsərrüfatı rayonun iqtisadi potensialının artırılmasında və əhalinin sosial rifahının yüksəldilməsində mühüm rol oynayır.

Fermer və sahibkarlarla görüşlərdə Dövlət Proqramının ölkənin aqrar potensialından səmərəli istifadəni, qlobal çağırışlara cavab verilməsini və aqrar sektorun dayanıqlı inkişafını hədəfləyən genişmiqyaslı fəaliyyət planı olduğu vurğulanıb. Qeyd olunub ki, proqram çərçivəsində kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqi, istehsal və emal imkanlarının genişləndirilməsi, aqrar sahədə dəyər zəncirinin inkişaf etdirilməsi və fermerlərin fəaliyyətinə dəstəyin gücləndirilməsi nəzərdə tutulur.

Sahibkarlar və fermerlər qəbul edilmiş Dövlət Proqramının aqrar sahənin inkişafına töhfə verəcəyinə inandıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Görüşlərdə fermer və sahibkarlar fəaliyyətləri zamanı qarşılaşdıqları məsələlər, güzəştli kreditlərin, subsidiyaların verilməsi, mineral gübrələr və zərərvericilərə qarşı dərman preparatlarının əldə edilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.