5-ci fəsil — BALIQARTIRMA VƏ BALIQ VƏ DİGƏR SU BİORESURSLARININ MƏSKUNLAŞDIĞI MÜHİTİN MÜHAFİZƏSİ
-
Maddə 12. Balıqçılıq su obyektləri
- Balıq və digər su bioresurslarının məskunlaşması, artırılması, akvakulturası, ovu və mühafizəsi üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:
- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
- çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;
- dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü su obyektləri;
- su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıq yetişdirməyə uyğunlaşdırılmış digər yerlər.
- Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
-
Maddə 13. Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi
- Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi elmi tədqiqat işləri aparıldıqdan sonra həyata keçirilir.
- Balıqartırmaya və balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
- Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli balıq növlərinin artırılması müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Bu fəaliyyətə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.
- Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xüsusiyyətlərini, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər Biotexnoloji Layihə Sənədinə daxil edilir.
- Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilə bilər.
- Balıqartırma və balıq və digər su bioresurslarının iqlimləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya və qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
- Balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən (invaziv) balıq və digər su bioresurslarının su obyektlərinə buraxılmasına və yayılmasına yol verilmir.
-
Maddə 14. Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsinə dair tələblər
- Balıq və digər su bioresurslarına və onların məskunlaşdığı mühitə, balıqçılıq su obyektlərinə və vətəgələrə zərərli təsir (ərazilərin doldurulması, qurudulması, qismən və ya tam şəkildə formasının dəyişdirilməsi, yaxud bu ərazilərdən qum, çınqıl, daş çıxarılması, daş, torpaq, tikinti tullantıları və digər oxşar materialların tökülməsi və istehsala mənfi təsir göstərə biləcək fəaliyyətlər) göstərə bilən müəssisələrin, qurğuların, tikililərin və digər obyektlərin layihələndirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istifadəsini həyata keçirən fiziki və hüquqi şəxslər balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yerdəyişməsi və dayanıqlığının təmin edilməsi üçün əlverişli şərait yaratmalı, onların məskunlaşma və nəsilartırma mühitinin toxunulmazlığını təmin etməlidirlər.
- Balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin artırılması və mühafizəsi məqsədləri üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində su istifadəçilərinin hüquqları balıqçılığın inkişafının təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər. Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Bu Qanunun 14.1-ci maddəsində göstərilən fəaliyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir.
-
Maddə 15. Balıqçılıq su obyektlərinin meliorasiyası
- Balıqçılıq su obyektlərinin meliorasiyası balıqçılıq su obyektlərinin fiziki, kimyəvi, bioloji xüsusiyyətlərinin və rejimlərinin optimallaşdırılması, balıq və digər su bioresursları üçün əlverişli şəraiti təmin edən digər tədbirlər vasitəsilə həyata keçirilir.
- Balıq və digər su bioresurslarının yaşayış mühitinin, təbii miqrasiya yollarının, kürütökmə və qışlama sahələrinin qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı olmadan balıqların və digər su bioresurslarının hərəkət və kürütökmə yerlərində onların təbii keçidinə maneə olan bəndlər çəkmək və dağılmış bəndləri bərpa etmək;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında və kanallarda qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
- balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərli-kimyəvi maddələrlə, gön-dəri, ağac və neft emalı məhsulları ilə çirkləndirmək və zibilləndirmək, onların tullantılarını balıqçılıq su obyektlərinə axıtmaq;
- dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıq və digər su bioresurslarının məskunlaşdığı kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq.
- Balıqçılıq su obyektlərinin meliorasiyasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
- Balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
- Akvakultura təsərrüfatlarının meliorasiyası balıqçılıq subyektlərinin öz vəsaiti hesabına həyata keçirilir.
- Balıqçılıq su obyektlərinə sənaye, kommunal, məişət, drenaj və digər tullantı sularının axıdılması Azərbaycan Respublikasının su qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
-
Maddə 16. Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları
- Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları uzunmüddətli təsiri ilə su obyektlərinin ekosistemində dəyişikliklərə gətirib çıxarmayan antropogen təsirin yol verilən həddinin həcmi və bu obyektə və ya onların sutoplayıcı sahəsinə axıdılan, yaxud daxil ola bilən zərərli maddələrin yol verilən həddinin miqdarı əsasında müəyyən edilir.
- Balıqçılıq su obyektlərinə zərərli təsirin yol verilən normaları və onların təsdiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
-
Maddə 17. Balıqçılıq su obyektlərinin monitorinqi
- Balıqçılıq su obyektlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan monitorinq balıqçılıq su obyektlərində baş verə biləcək mənfi halların vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, habelə bu halların inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların hidroloji, ixtioloji və hidrogeoloji göstəricilərinə, həmçinin balıqçı gəmilərinə və akvakultura təsərrüfatlarına müntəzəm müşahidə sistemindən ibarətdir.
- Balıqçılıq su obyektlərinin monitorinqi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir.
- Balıqçılıq sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balıq ovu və akvakultura fəaliyyətinin izlənilməsi və pozuntuların aşkar edilməsi məqsədilə balıqçılıq subyektləri tərəfindən bu Qanunun 11.1.4-cü maddəsinə uyğun quraşdırılmış texniki nəzarət vasitələrinin məlumatlarını əldə etmək, habelə balıqçılıq sahəsində dövlət nəzarəti məqsədləri üçün müşahidə və monitorinq sistemləri yaratmaq, quraşdırmaq və onlardan istifadə etmək hüququna malikdir.
-
Maddə 18. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası
- Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
- Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.21-ci maddəsi, uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə isə həmin Qanunun 4.22-ci maddəsi tətbiq edilir.
- Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
-
Maddə 19. Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər
- Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektləri aşağıdakı şərtlərə əməl edilməklə istismar olunur:
- su bəndlərinin dövrəsində, balıqların və digər su bioresurslarının hərəkət və kürütökmə yerlərinə keçidini təmin edən, balıqburaxıcı qurğular quraşdırıldıqda;
- balıq və digər su bioresurslarının çoxalma, kürütökmə, qışlama dövründə su anbarlarında suların səviyyəsi tələb olunan həddə (təbii fəlakət istisna olmaqla) saxlanıldıqda;
- hidrotexniki, sugötürücü və suburaxıcı qurğular, irriqasiya sistemləri balıqqoruyucu qurğularla təchiz edildikdə;
- balıqların kürütökmə və qışlama yerlərində, habelə balıq körpələrinin toplandığı sahələrdə sugötürücü və suburaxıcı qurğular yerləşdirilmədikdə;
- kommunal-təsərrüfat, neft-mədən, neft-kimya, neftayırma və balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə zərərli təsir edən digər sənaye və aqrar obyektlərinin istismarı ekoloji tələblərə cavab verdikdə;
- çayların aşağı hissəsində balıq və digər su bioresurslarının məskunlaşması, çoxalması və təbii yaşayış mühitinin qorunması üçün su anbarlarının alt hissəsinə kifayət həcmdə su buraxıldıqda.
- Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmalıdır.
-
Maddə 20. Su mühafizə zonaları
- Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
- Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.
- Qiymətli balıq növlərinin kürütökmə yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq edilir.
- Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və digər balıqçılıq su obyektlərinin sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin kəsilməsi, ağacların qırılması və kökündən çıxarılması, qəbiristanlıqların, heyvandarlıq fermalarının, düşərgələrinin, zibilxanaların yerləşdirilməsi, habelə su qanunvericiliyi ilə müəyyən edilmiş digər fəaliyyət növləri qadağan edilir.
- Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə qaydaları Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilir.