“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkədə aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsi, intensiv və innovasiya əsaslı istehsalın genişləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, həmçinin ixrac potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyən edir. Sənəddə məhsul istehsalından emalına, saxlanılmasına, logistikasına və satışına qədər bütün mərhələləri əhatə edən aqrar dəyər zəncirinin inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin səmərəli icrasını təmin etmək məqsədilə Tərtər rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı subyektlərində monitorinq və təhlillər aparılır. Bu çərçivədə təsərrüfatların istehsal imkanları, tətbiq olunan müasir texnologiyalar, məhsuldarlıq göstəriciləri və inkişaf perspektivləri yerində öyrənilir.
Bu məqsədlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini və rayonda yaradılmış Qərargahın üzvləri bir sıra aqrar təsərrüfatlarda olublar.
İlk olaraq “Tərtər 1” MMC-nin Seydimli kəndində yerləşən intensiv meyvə bağlarına və ixrac üçün hazırlanan məhsulların çeşidlənməsi sahəsinə baxış keçirilib. Müəssisənin təsisçisi Muxtar Orucovla məhsul yığımı, saxlanılması və ixracı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, təsərrüfatda indiyədək 2000 ton xurma yığılıb, bunun 1600 tonu Rusiya bazarlarına ixrac edilib.
Məlumat verilib ki, müasir standartlara uyğun qurulan müəssisənin ümumi əkin sahəsi 98 hektardır. Bunun 75 hektarını xurma, 12 hektarını nektarin, 11 hektarını isə şaftalı bağları təşkil edir. Bağların 49 hektarı yeni salınıb. Təsərrüfatın yaradılmasına ümumilikdə 3,8 milyon manat vəsait sərf olunub. Əkin sahəsinin daha 30 hektar genişləndirilərək 128 hektara çatdırılması nəzərdə tutulur. Müəssisədə hazırda 15 nəfər daimi, 80 nəfər isə mövsümi işlə təmin edilib.
Su ehtiyatlarından səmərəli istifadə və itkilərin qarşısının alınması məqsədilə bağlarda müasir avtomatlaşdırılmış damlama suvarma sistemi qurulub. Bundan əlavə, bitkilərin vegetasiya dövründə fasiləsiz su ilə təmin olunması üçün 1,5 hektar sahədə 130 min kubmetr tutuma malik süni su tutarı yaradılıb.
Sonra sahibkar Arif Orucovun Qaradağlı kəndində yeni salınmış intensiv xurma bağına baxış keçirilib. Sahibkarla təsərrüfatın fəaliyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, bağın ümumi əkin sahəsi 18 hektardır. Gələcəkdə bu sahənin daha 20 hektar artırılaraq 38 hektara çatdırılması nəzərdə tutulur.
Soyulan kəndində sahibkar Zəfər Nəsirova məxsus müasir istixana kompleksinə baxış zamanı məlumat verilib ki, müasir tipli istixana kompleksinin sahəsini 2 hektar artıraraq 3 hektara, məhsul istehsalını isə 200 tondan 600 tona çatdırmaq planlaşdırılır. Qeyd olunub ki, quraşdırılması nəzərdə tutulan əlavə 2 hektardan 1,2 hektarında artıq işlər yekunlaşıb və ümumilikdə 2,2 hektar ərazidə 57 min ədəd pomidor şitili əkilib, qalan 0,80 hektarda isə quraşdırma işlərinə hazırlıq görülür. Artıq məhsul yığımına başlanılıb.
Kompleksdə əlavə olaraq ümumi sahəsi 500 kvadratmetr olan inzibati bina, qazanxana, tutumu 2 min kubmetr olan su anbarı, çeşidləmə məntəqəsi inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur. Kompleksdə hazırda 10 nəfər daimi, 25 nəfər isə mövsümi işlə təmin edilib. İstehsal edilən məhsul həm daxili, həmdə xarici bazara çıxarılır.
Baxışlar zamanı təsərrüfat rəhbərlərinin təklifləri və qarşılaşdıqları məsələlər dinlənilib. Aqrar sahənin inkişafına təsir göstərən amillərin aidiyyəti qurumlarla birgə araşdırılması və mövcud problemlərin operativ həllinin vacibliyi vurğulanıb.
Neftçalada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
26 Noyabr 2026
Şamaxıda dövlət proqramının icrası ilə bağlı işlər nəzərdən keçirildi
26 Noyabr 2026
Siyəzəndə illik 240 ton qızılbalıq, 330 ton mavigilə istehsal olunacaq
26 Noyabr 2026
Şabran rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub
26 Noyabr 2026
Şəkidə Dövlət Proqramının icrası ilə bağlı növbəti monitorinq keçirilib
26 Noyabr 2026