Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Balakən rayonunda növbəti regional görüş keçirilib. Görüşdə regionda zərərvericiyə qarşı görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, həmçinin Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayon icra hakimiyyətlərinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
AXA-nın sədr müavini Cəfər Məhərrəmov regionda həyata keçirilən fitosanitar tədbirlər, monitorinqlərin nəticələri və qəhvəyi mərmər bağacığına qarşı mübarizənin yeni istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, cari ildə Balakən, Zaqatala, Qax və Xaçmaz rayonlarında zərərvericiyə qarşı bioloji mübarizə məqsədilə Samuray arısının (Trissolcus japonicus) sahələrə buraxılmasına başlanılıb. Növbəti ildə bioloji mübarizə tədbirlərinin genişləndirilməsi məqsədilə AXA-nın Göygöl Entomofaqların İstehsalı Laboratoriyasında bu faydalı həşəratın yetişdirilməsi davam etdirilir.
İclasda zərərvericinin yayılma arealının müəyyənləşdirilməsi və populyasiya dinamikasının izlənilməsi məqsədilə feromon tələlərlə aparılan monitorinqlərin əhəmiyyəti vurğulanıb. Zərərvericinin yeni ərazilərə yayılmasının qarşısının alınması, mövcud ocaqlarda mübarizənin gücləndirilməsi, birgə monitorinqlərin davam etdirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın daha da artırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, cari il ərzində AXA tərəfindən 51 rayonda ümumilikdə 17 668 feromon tələsi quraşdırılıb. Kütləvi aşkarlanma qeydə alınan 3 140 ərazidə kimyəvi mübarizə tədbirləri həyata keçirilib, 20 mindən çox vətəndaşa isə zərərverici və ona qarşı mübarizə metodları barədə maarifləndirici məlumatlar verilərək müvafiq tövsiyələr verilib.
Görüşün sonunda regionda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qarşıdakı dövr üçün aidiyyəti qurumların birgə fəaliyyətinin davam etdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026