Amerika ağ kəpənəyi təhlükəli karantin zərərvericisidir

May ayının əvvəllərindən etibarən Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən karantin zərərvericisi olan Amerika ağ kəpənəyinin yayılma ehtimalı yüksək olan respublikanın Bakı-Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara və digər bölgələrində müşahidə işlərinə başlanılıb.

Qeyd edək ki, Amerika ağ kəpənəyi daxili karantin obyektidir. Azərbaycan Respublikası ərazisində 1984-cü ildə Quba-Xaçmaz bölgəsində aşkar olunub, qısa müddətdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Lənkəran və Astara rayonlarında, eləcə də Bakı-Abşeron zonasında yayılıb.

Zərərvericinin kəpənəkləri ağ rəngli olub, bədən uzunluğu 9-15 mm-dir. Sonuncu yaşda olan tırtılları 30-40 mm uzunluğunda olub, sıx tükcüklərlə örtülüdür. Tırtılların bel hissəsində  iki cərgə qara rəngdə, yan tərəflərində isə iki cərgə açıq sarı ziyillər yerləşir.

Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayının, yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Havanın temperaturası 13oC-dən aşağı düşdükdə kəpənəklərin pupdan uçması dayanır. Dişilər yumurtaları, əsasən ağac çətirlərinin kənarında yarpaqların alt səthinə bir təbəqədə topa halında qoyurlar. Yumurtadan çıxdıqdan 1-2 saat sonra tırtıllar qidalanmağa və tor yuva qurmağa başlayırlar. I –II yaşlarda yuva torla hörülmüş 1-2 yarpaqdan ibarət olur. V yaşın sonlarına yaxın yuva 1-1,5 m ölçüyə qədər çatır. Bu yaşda tırtıllar tor yuvanı tərk edərək, bütün bitki boyu dağılırlar. Tırtıllar 7 yaş keçirirlər. Zərərverici pup mərhələsində qışlayır. Amerika ağ kəpənəyi Azərbaycanda 2 nəsil verir.

Polifaq zərərverici olmaqla 230-a qədər ağac-kol və ot bitkiləri ilə qidalanır. Həşəratın ikinci nəsli daha ziyanlıdır. Amerika ağ kəpənəyinin tırtılları tərəfindən yarpaqların yeyilməsi bitkilərin zəifləməsinə, çoxsaylı zədələnmələr nəticəsində isə məhv olmasına səbəb olur. Tırtılların tükcükləri insanlarda allergiya yarada bilər.

Mübarizə tədbirləri:

Təhlükəli karantin obyekti olan Amerika ağ kəpənəyi əleyhinə qabaqlayıcı və qırıcı mübarizə tədbirlərini sistem şəklində tətbiq etmək məqsədəuyğundur:

-Amerika ağ kəpənəyinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər nəslin inkişafı dövründə üç dəfə (7 gündən bir) başdan-başa, uyğunlaşması mümkün olan rayonlarda isə aşkarlanması ehtimal olunan yerlərdə sistematik müşahidələr aparılmalıdır;

-baxış zamanı yük və nəqliyyat vasitələrinə ciddi nəzarət edilməli, Amerika ağ kəpənəyi aşkar olunduqda yük və nəqliyyat vasitəsi zərərsizləşdirilməlidir. Bu məqsədlə fosfin və metil-yodid istifadə oluna bilər (həşəratın yumurta, tırtıl və pupları məhv edilir);

-zərərverici ilk dəfə aşkar olunduqda karantin məntəqələrinə və ya bitki mühafizə mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğv edici tədbirlər həyata keçirilməlidir;

-ştamb və skelet budaqlar məhv olmuş qabıqdan təmizlənməli, bitki qalıqları toplanmalı və onlar məhv edilməli, gövdələr əhənglənməlidir;

-kəpənəyin yumurta qoyduğu büzülmüş və tutqunlaşmış “inkubator-yarpaqlar” toplanaraq, mexaniki üsulla zərərsizləşdirilməlidir;

-tor yuvalı budaqlar kəsilərək tırtıllarla birlikdə məhv edilməlidir. Sərin gecələrdə və ya yağışdan sonra bu tədbir daha səmərəlidir. Yuvaların aşkarlanması və məhv edilməsi zamanı fasilə yolverilməzdir;

-kiçik bağlarda torpağa puplaşmağa gedən tırtılları tutmaq üçün qurşaqlardan istifadə edilməlidir;

-I nəslin kütləvi puplaşması dövründə meyvə bağları və həyətyanı sahələrdə ağac çətirləri altında torpaq bellənməli və şumlanmalıdır;

-karantin zərərverici azsaylı olduqda belə, pretroid, fosfor üzvi və neonikotinoid birləşmələri ilə vaxtında dərmanlamalar aparılmalıdır;

-zərərvericinin hər nəslinə qarşı insektisidərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir;

-kimyəvi mübarizə zamanı yaşayış məntəqələri və dərmanlanan sahələr arasındakı sanitar zona 300 m-dən az olmamalıdır. Pestisidlərin tətbiqi yolverilməz olan yerlərdə bitkilər bioloji və ya hormonal preparatlarla çilənməlıdir.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan  diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. istifadə edilə bilər.

Beləliklə, Amerika ağ kəpənəyi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.

Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarlara təsərrüfatlarında adıçəkilən zərərvericinin müşahidə edildiyi halda, dərhal Aqrar Xidmətlər Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə məlumat verilməsini tövsiyə edir.