Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri 2020-ci ilin yanvar ayının ilk günlərindən başlayaraq ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara, ev itləri arasında quduzluq, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə seroloji müayinələrin aparılmasına start veriblər. Bununla əlaqədar Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri bölgələrə ezam olunublar.
Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi profilaktik vasitələr, ləvazimat və avadanlıqlarla təmin ediliblər.
Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına tətbiq olunur. Onu da xatırladaq ki, adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 07 mart tarixli 65 saylı qərarında qeyd edilən xüsusi təhlükəli xəstəliklərin profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilir və ödənişsiz əsaslarla (pulsuz) heyvanlara tətbiq olunur.
Dövlət büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də heyvan və quşlara tətbiq ediləcək biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərinə qırmızı hərflərlə “SATILA BİLMƏZ” yazılıb.
Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlarda bildirilir ki, heyvanların baş sayına uyğun baytarlıq preparatlarının sahə baytarlıq məntəqələri arasında bölgüsü vaxtlı-vaxtında aparılsın, yerlərdə vaksinlərin tətbiqinə ciddi nəzarət edilsin, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarda qeydiyyat və icra aktı tərtib olunsun. Eləcə də üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatlarının özəl baytarlıq aptekində satılmasının yolverilməzliyi və inzibati məsuliyyətə gətirib çıxarması rayon (şəhər) baytarlıq idarələrinin diqqətinə çatdırılıb.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə olaraq yağlı məhlullarda hazırlanmış vaksinlərdən istifadə ediləcəkdir. Bu vaksinlərin yağ məhlullarında təsiredici maddələri öz keyfiyyətini uzun müddət saxlamaqla, heyvanda daha yaxşı immunitet yaradır.
Aqrar Xidmətlər Agentliyi əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələrinə və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Aqrar Xidmətlər Agentliyi lazımi təşkilati tədbirləri davam etdirir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026