Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) 9-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı II Beynəlxalq yay məktəbi təşkil olunub.
Yay məktəbində respublikamızın ali təhsil müəssisələri ilə (17 tələbə) yanaşı, Bolqarıstan (4 tələbə), Çin Xalq Respublikası (1 tələbə), Gürcüstan (3 tələbə), İran İslam Respublikası (1 tələbə), Hindistan (1 tələbə), Qazaxıstan (2 tələbə), Qırğızıstan (2 tələbə), Özbəkistan (1 tələbə), Pakistan İslam Respublikası (1 tələbə), Polşa (1 tələbə), Rusiya Federasiyası (2 tələbə), Türkiyə (4 tələbə), Ukraynanın (2 tələbə) ali təhsil müəssisələrindən ümumilikdə 42 tələbə iştirak edir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov məktəbin təşkilinin əhəmiyyətindən, ötən illə müqayisədə məktəb iştirakçılarının sayının artmasından və coğrafiyasının genişlənməsindən danışıb. Rektor qeyd edib ki, dövlətin dəstəyi ilə tikilmiş və hazırda məktəbin iştirakçılarının yaşadığı tələbə evi, bütövlükdə maddi-texniki bazasının möhkəmləndirilməsi, formalaşmış müasir təhsil mühiti universitetin beynəlxalq əlaqələrinə də müsbət təsirini göstərməkdədir.
Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoost, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış ediblər.
Yay məktəbinin təşkilinə görə təşəkkürlərini bildirən əcnəbi tələbələr ölkəmizin inkişafını, universitetdə yaradılan şəraiti çox yüksək qiymətləndiriblər.
Yay məktəbi dövründə tələbələrə ABŞ-ın Texas A&M Universitinin professoru Steven Hauge, İllinoys Universitetinin professoru Mohammad Babadoost, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçillik Akademiyasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, aparıcı şirkətlərin və ADAU-nun əməkdaşları tərəfindən ingilis dilində mühazirələr söyləniləcək. Bununla yanaşı, tarixi yerlərə ekskursiyalar, Gəncə ASAN Xidmət Mərkəzinin fəaliyyəti ilə tanışlıq, Qəbələ rayonuna, Göygölə, habelə aparıcı aqrobiznes şirkətlərinə səfərlər məktəbin proqramına daxil edilib.
Xatırladaq ki, 2018-ci ilin 16-28 iyul tarixlərində Azərbaycan Dövlət Aqrar Univesitetində (ADAU) 11 ölkənin ali təhsil müəssisələrindən 34 tələbənin iştirakı ilə “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq yay məktəbi keçirilib. Tədbir universitetin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib
11 Mart 2026
Nazir Məcnun Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
11 Mart 2026
Ağdərədə kənd sakinlərinin aqrar bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramı uğurla yekunlaşıb
11 Mart 2026
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələrinin buraxılışı həyata keçirilib
11 Mart 2026
Laçın rayonunun Zabux kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
11 Mart 2026