Azərbaycanda 56 min tondan çox qarğıdalı yığılıb

“Aqroservis” ASC tərəfindən 18 ədəd kombayn və xeder istifadəyə verilib

2020-ci ildə Azərbaycanda qarğıdalı əkinində və yığımında yüksək nəticə əldə edilib. Cari ilin yanvar-avqust aylarında respublikamızda 34603 hektar sahədə qarğıdalı əkilib. Bunun 10528 hektarı dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, 23754 hektarı isə fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatları tərəfindən əkilib.

Qarğıdalı əkinində ən yüksək nəticə Şəki-Zaqatala iqtisadi rayonunda (13997 hektar) əldə edilib. Qarğıdalı əkini sahələri Balakəndə 7515 hektar, Zaqatalada 3536 hektar, Qaxda 1887 hektar, Şəkidə 644 hektar, Oğuz rayonu 236 hektar, Qəbələdə 179 hektar qarğıdalı sahəsi əkilib. Aran iqtisadi rayonu üzrə 8481 hektar, Gəncə-Qazax iqtisadi rayonu üzrə 6299 hektar, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 1162 hektar, Lənkəran iqtisadi rayonu 646 hektar təşkil edib.

Qeyd edək ki, əkinlə yanaşı məhsul yığımında da cari il üçün yüksək nəticə qeydə alınıb. Belə ki, ölkə üzrə ümumilikdə əkilmiş 34603 hektar sahənin 10,1 min hektarından ümumilikdə 56873 tondan çox məhsul yığılıb. Hər hektardan orta məhsuldarlıq 56,3 sentner olub. 

Qarğıdalı yığımı üçün “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20 ədəd kombayn və 8 ədəd xeder istifadəyə verilib. Şəmkir, Bərdə, Tərtər, Balakən, Qax, Goranboy və Yevlax rayonlarında məhsuldarlıq yüksək olduğu üçün texnikaların bu bölgələrə cəlb olunmasına xüsusi diqqət göstərilib. Digər rayonlarda da mexanizatorlarımız yığımda xüsusi fəallıq göstəriblər və məhsulun itkisiz və yüksək məhsuldarlıqla yığılmasına dəstək olublar.

Cəmiyyətimiz hər zaman fermerlərimizin yanında olaraq onlara yaxından dəstək olur, məhsuldarlığın yüksək olması, itkiyə yol verilməməsi, o cümlədən aqrar sahənin inkişafı üçün bütün imkanlardan istifadə edir.