• Ana səhifə
  • Xəbərlər
  • “Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi davam etdir...
“Azərbaycanda sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması” layihəsi davam etdirilir

Layihə çərçivəsində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istixanalarında biotexnoloji üsullarla in vitro şəraitində yetişdirilmiş kartof bitkilərindən əldə edilmiş mini yumruların növbəti yığım prosesi həyata keçirilib. Prosesdə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Ələqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov da iştirak ediblər. Əldə olunmuş mini yumruların laboratoriya şəraitindən başlayaraq istixanada yetişdirilməsinə qədər olan mərhələlər iştirakçılara təqdim olunub. Mini yumrular tanınmış milli kartof sortları olan “Telman”, “Əmiri” kimi sortlara aiddir.  

 Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib ki, layihənin həyata keçirilməsi çərçivəsində bir sıra nəticələr əldə olunacaq. Sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin infrastrukturunun yaxşılaşdırılması, sağlam toxumluq kartof istehslı üzrə milli mütəxəssislərin texniki imkanlarının artırılması, sağlam toxumluq kartof istehsalı üzrə çox sayda milli və beynəlxalq təlimlərin təşkil edilməsi nəzərdə tutulur. Eyni zamanda, layihənin reallaşdırılması Azərbaycanda sağlam toxumluq kartofun istehsalı və çoxaldılması sisteminin yaradılması – Pilot ərazilərdə sınaqdan keçirilmiş in vitro çoxalmadan sahə şəraitində istehsaladək tətbiq olunan sistemin formalaşdırılmasına imkan verəcək. Layihənin gözlənilən təsiri sağlam toxumluq kartof istehsalı üzrə etibarlı milli sistemin yaradılması yolu ilə kənd yerlərində yaşayışın və qida təhlükəsizliyinin yaxşılaşdırılmasından ibarətdir.

Bu istiqamətdə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda virussuz sağlam kartof miniyumruları istehsal edilərək dəniz səviyyəsindən 1800 metr yüksəklikdə dağlıq ərazilərdə əkilir. Bu toxumlar orjinal reproduksiyalı toxum hesab edilir və qiymətlidir. Ənənəvi üsulla orjinal reproduksiyalı kartof toxumlarının alınması 5 il çəkir. Bu üsulla  9-12 ay ərzində orjinal kartof toxumları əldə edilir. Bunun üçün biotexnoloji üsullardan – in vitro üsulundan istifadə olunur. Bu olduqca səmərəli və dünyada geniş istifadə olunan metoddur. Azərbaycanda ilk dəfə kartof toxumlarının in vitro şəraitdə yetişdirilməsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istixanalarında  həyata keçirilib.