Bakıda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlini salamlayaraq, qardaş ölkənin nümayəndələrinin “AGtech and Green Energy” beynəlxalq forumunda iştirakını yüksək qiymətləndirib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, kənd təsərrüfatının inkişafı prosesində əhəmiyyətli nailiyyətlər əldə olunub. Hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan İnam Kərimov Azərbaycanın Türkiyə Cümhuriyyəti ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycana dəvətə görə nazir İnam Kərimova təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. Bekir Pakdemirli özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etməyin mümkünlüyünü deyib. Sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün Türkiyədən 65 iş adamının gəldiyini xatırladan Bekir Pakdemirli bu tədbirin əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Türkiyənin toxumçuluq sahəsində böyük uğurlara imza atdığını deyən nazir əlavə edib ki, ölkəsi pambıqçılığın inkişafına önəm verir. “Hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, toxumçuluq sahəsində imkanlarımızı pambıqçılığın inkişafında son dərəcə maraqlı olan Azərbaycanla bölüşə bilərik” – deyə nazir bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov iki ölkənin aqrar qurumlarının fındıqçılıq, texnologiyalar sahəsində də əməkdaşlıq edə biləcəyini, hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi apara biləcəyini deyib. Nazir əlavə edib ki, sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumu aqrar sahədə əməkdalığı dəyərləndirmək baxımından mühüm rol oynayacaq.
Görüşün sonunda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolunun imzalanma mərasimi keçirilib. Protokolu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli imzalayıblar.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026