Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı Biznes Forumu keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən biznes forumda Azərbaycanın dövlət qurumlarının rəhbərləri, iş adamları, Türkiyədən gəlmiş 65 nəfərlik nümayəndə heyətinin üzvləri iştirak ediblər.
Biznes forumda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov tarixi dostluq, qarşılıqlı etimad əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini deyib. Nazir bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini “bir millət, iki dövlət” şəklində xarakterizə edib: “İqtisadi əməkdaşlıq Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin ən mühüm istiqamətlərindən biridir. Ötən illər ərzində bu əlaqələrdə müsbət dinamikasının şahidi oluruq. Azərbaycanda aqrobiznes sektoru böyük potensiala malikdir. Ölkəmizdə Türkiyənin işgüzar dairələri üçün qarşılıqlı maraq kəsb edən emal və istehsal imkanları var. Bu imkanlardan istifadə edərək birgə müəssisələr yaratmaq mümkündür”.
Nazir Azərbaycan və Türkiyənin toxumçuluq, fındıqçılıq, pambıqçılıq və digər aqrar sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıb, bu forumun iş adamları arasında səmərəli dialoqun qurulmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ölkəsinin Avropanın kənd təsərrüfatı sahəsində ən inkişaf etmiş dövləti olduğunu xatırladıb. Nazir bildirib ki, Türkiyənin xarici ticarətində kənd təsərrüfatı məhsulları önəmli yer tutur. Azərbaycanla Türkiyə arasında aqrar ticarətin mövcud durumunun real potensialı əks etdirmədiyini deyən nazir bu cür toplantıların qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Biznes-forumda çıxış edən digər qonaqlar iki ölkə arasında aqrar sahədə inkişaf perspektivləri, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları, münbit investisiya mühiti, birgə layihələrin həyata keçirilməsi barədə fikirlərini bölüşüblər.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026