Balakəndə epizootik tədbirlər yekunlaşmaq üzrədir

Balakən rayonunda epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər aparılıb. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Balakən Rayon Baytarlıq İdarəsi cari ildə rayon ərazisində «Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, müalicə,  dehelmentizasiya, dezinfeksiya və digər tədbirləri uğurla həyata keçirərək rayonda epizootik sabitliyi qoruyub.

2020-ci il ərzində rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Belə ki, 607 baş quşda askaridoza, 539 baş iribuynuzlu və 565 baş xırdabuynuzlu heyvanlarda diktikalyoza, 514 baş iribuynuzlu və 579 baş xırdabuynuzlu heyvanlarda fassilyoza və 610 baş xırdabuynuzlu heyvanlarda monezioza görə kaproloji müayinələr həyata keçirilərək müvafiq müalicə işləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 85 baş iribuynuzlu heyvandan, 20 baş ana qoyundan və 710 baş qoçdan bruselyoza görə qan alınaraq Qida Təhlükəsizliyi Agentliyinin müvafiq laboratoriyasında müayinə edilib. 710 baş qoçdan götürülən qan nümunələri həm də epididmitə görə müayinə olunub.

Bunlarla yanaşı, 2020-ci ilin 10 ayı ərzində rayonun həm iri fermer, həm də fərdi təsərrüfatlarında 43760 baş iribuynuzlu (o cümlədən 5700 başı cavan iribuynuzlu heyvandır), 37580 xırdabuynuzlu, 1300 baş təkdırnaqlı heyvanda qarayara, 63905 baş (o cümlədən 4895 başı cavan iribuynuzlu heyvandır) iribuynuzlu və 27530 baş xırdabuynuzlu heyvanda dabaq, 4300 baş sahibli itdə və 4900 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 42375 baş (o cümlədən 4820 başı cavan xırdabuynuzlu heyvandır)xırdabuynuzlu heyvanlarda çiçək, 40755 baş (o cümlədən 2750 başı cavan iribuynuzlu heyvandır) iribuynuzlu heyvanlarda nodulyar dermatit, 1260 baş iribuynuzlu heyvanda leptospiroz (sarılıq), 9500 baş iribuynuzlu(“Şt-19” vaksini ilə) və 9300 baş xırdabuynuzlu (“Rev-1”vaksini ilə) heyvanlarda bruselyoz, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 229300 baş ev quşunda “H” vaksini və 200000 baş cücədə “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparılıb.

Hazırda Balakən rayonunda yalnız iri və xırdabuynuzlu heyvanlar arasında bruselyoz  xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Yuxarıda qeyd edilən epizootik tədbirlər isə artıq yekunlaşıb.

Balakən Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində epizootik sabitliyin qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətlərində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara və quşlar saxlanan binalar, yerləri profilaktiki məqsədlə dezinfeksiya edilir. Qeyd edək ki, 10 ay ərzində rayonun 79 obyektinin 27860 kvadratmetr sahəsində profilaktiki dezinfeksiya, 5 obyektinin 2500 kvadratmetr sahəsində məcburi dezinfeksiya və 22 obyektinin 9000 kvadratmetr sahəsində isə dezinseksiya işləri görülüb. Bu məqsədlə ektasan, almerdehid dezinfeksiyaedici dərman vasitələrindən istifadə edilib.

Balakən Rayon Baytarlıq İdarəsi 2020-ci ilin əvvəlindən başlayaraq heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə, müalicə, dezinfeksiya  və digər tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə lazımı işlər həyata keçirib. Belə ki, Kənd Təsərrüfatı Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilib, mal-qaranın sayına uyğun sahə baytarlıq məntəqələri arasında bölgü aparılıb. Həmçinin üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış preparatların özəl baytarlıq aptekində satılmasının yolverilməzli və inzibati məsuliyyətə gətirib çıxarması bir daha baytar mütəxəssislərin diqqətinə çatdırılıb.

Qeyd edək ki, mütəxəssislər yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə  uyğun yerinə yetirirlər. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hazırda epizootik vəziyyət sabitdir.