Biləsuvar narı Rusiyaya ixrac olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, bağçılığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində narçılıq da inkişaf etdirilir. Dünya bazarında böyük tələbat olan nar şirəsinin emalı və ixracı məqsədilə respublikamızda yeni bağlar salınıb. Belə rayonlardan biri də Biləsuvardır. Rayonda yeni nar bağlarının salınması ilə yanaşı, 10 il əvvəl əkilən nar bağları da artıq məhsuldar dövrünü yaşayır.

Ölkəmizdə nar məhsullarının istehsalı ilə 15 müəssisə məşğul olur. Son illər dövlət səviyyəsində bu sahənin stimullaşdırılması üçün bir sıra addımlar atılıb. Narçılıq subsidiyalaşmaya cəlb edilib, nar istehsalı ilə məşğul olanlar vahid qurumda birləşib, hər il ölkəmizdə nar festivalı keçirilir. Nardan əldə edilən şirələr, mürəbbələr, tum və qabığından əczaçılıq sahəsində xammal kimi istifadə olunması onun bazarını daha da genişləndirib.

Ötən il respublika üzrə nar bağlarının sahəsi 24 min hektara çatıb. İllik istehsal həcmi isə 155 min ton həddindədir. Hər il xarici ölkələrə təxminən 10-12 milyon ABŞ dolları həcmində nar və nar məhsulları ixrac olunur.

Ötən il Biləsuvarda təsərrüfat sahiblərinin topladığı 800 tondan çox məhsulun 50 faizi “Azərbaycan brendi” ilə xarici bazarlarda satılıb.

Biləsuvar Narçılıq Təsərrüfatının rəhbəri Samir Salahov deyir ki, saldığı nar bağında əsasən “Vələs” və “Gülöyşə” sortları becərilir: “Hazırda bazarın tələbinə uyğun olaraq və yetişmə müddətinə görə “Gülöyşə” sortu tədarük edilir. Sahədən yığılan məhsul çeşidləmə anbarına gətirilir, yeşiklərə yığılır. Qablaşdırıldıqdan sonra maşınlara yüklənir, bazarlara göndərilir. Hazırda bir maşın nar Rusiya bazarına yola salınıb, ikinci maşın da yüklənir”.

Yük maşınının sürücüsü Rahil Mürsəlov məhsulu Moskva bazarlarına aparır. Deyir ki, bu mövsüm Rusiyaya ikinci reysini edir: “Moskva, Leninqrad və digər böyük şəhərlərdə Azərbaycan narına tələbat var. Min ton sifariş verilib. Ruslar narın “Vələs” və “Gülöyşə” sortlarını çox bəyənirlər. Xaricilər Azərbaycan narı almağa üstünlük verirlər, çünki çox keyfiyyətlidir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, hazırda Azərbaycan narçılığının qarşısında duran əsas hədəflər - məhsuldarlığı yüksəltmək, eləcə də, vaxtilə respublikamızda mövcud olmuş “Bala Mürsəl”, “Qırmızı qabıq”, “Çəhrayı Gülövşə”, “Qırmızı Gülövşə” və “Azərbaycan” kimi məhsuldar sortların tingçiliyinin təşkil olunması, biotexnologiya vasitəsilə sort keyfiyyətlərinin yaxşılaşdırılmasıdır. Yaxın illərdə respublika üzrə nar bağları sahəsinin 28 min hektara çatdırılması proqnozlaşdırılır. Ümumiyyətlə, 2018-ci ildə Azərbaycanda 155 min ton nar istehsal olunub və 9300 tona yaxın nar ixracı həyata keçirilib. Gəlir isə 12,3 milyon ABŞ dolları təşkil edib.