Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Aqronomlar İttifaqının və "HH GROUP" şirkətinin təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki seminar keçirilib. İntensiv bitki yetişdirilməsi şəraitində bitki mühafizəsi və torpaq qorunması mövzusunda keçirilmiş seminarda Nazirliyin tabeli qurumlarının, Aqrar Elm və İnnovasiya Mərkəzi, Tərəvəzçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, eləcə də respublikanın digər elmi müəssisələrinin əməkdaşları, fermerlər və rusiyalı elm xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları intensiv əkinçilik zamanı torpağın münbitliyinin qorunub saxlanılması yolları barədə müzakirə aparıblar. Qlobal iqlim dəyişikliyi və məhsul yetişdirmə şəraiti ilə əlaqədar müasir kənd təsərrüfatının ciddi çətinliklərlə üzləşdiyi vurğulanıb. Bununla əlaqədar tədbir iştirakçılarına bitki sağlamlığı tədbirlərinin elmi təminatı haqqında geniş məlumat verilib. Bildirilib ki, stres amillərinə qarşı dözümlü bitki sortlarının yaradılması, onların əkin arealının genişləndirilməsi, ziyanverici və zərərvericilərə qarşı effektiv mübarizə tədbirlərinin təşkili, texnoloji innovasiyaların tətbiqi, əkinlərdə pestisid yükünün azaldılaraq bioloji mübarizə üsullarından istifadənin genişləndirilməsi vacib addımlardır.
Vurğulanıb ki, müasir çağırışlar fonunda fermerlərin məlumatlandırılması, onların zərərvericilərə qarşı mübarizə metodları, ətraf mühitin qorunması haqqında bilik və bacarıqlarının artırılması son dərəcə vacibdir. Xarici ölkələrdən gəlmiş qonaqlar öz ölkələrində bu istiqamətdə həyata keçirilən təcrübələr haqqında məlumat veriblər.
Seminarın sonunda alimlərin birgə qətnaməsi qəbul olunub. Qətnamədə kənd təsərrüfatı sahəsində istehsal proseslərinin təşkili zamanı təbii resursların qorunması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti, torpaqlardan səmərəli istifadənin sertifikatlaşdırılması, əkinçiliyi tənzimləyən hüquqi-normativ aktların qəbulu, zəhərli pestisidlərin əkinlərdə yükünün azaldılması kimi məsələlər öz əksini tapıb.
Seminarın sonunda iştirakçılar Bitki Klinikasının fəaliyyəti ilə tanış olublar. Klinikanın rəhbəri Hüseyn Hüseynov fermerlər üçün metodiki göstərişlərin hazırlanması, xidmətlərin təşkili haqqında geniş məlumat verib.
Yazlıq taxıl sahələrinin sığortalanması müddəti iyunun 15-də başa çatır
10 Iyun 2026
“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
09 Iyun 2026
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərlə sahə görüşləri davam etdirilir
09 Iyun 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin iyun ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
08 Iyun 2026
“Aqroservis” ASC-də “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib
08 Iyun 2026