29 may 2018-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim” öz işinə başlayıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin fitosanitar müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətdə olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi və layihənin milli koordinatoru Camal Quliyev təlim-seminarın fitosanitar müfəttişlərin nəzəri və praktiki biliklərinin artırılmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Dövlət Xidmətinin rəisi bildirib ki, bitki mənşəli məhsulların beynəlxalq ticarətinin genişləndirilməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması fonunda Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsi respublika ərazisinə yeni zərərli orqanizmlərin daxil olması riskinin azaldılmasına xidmət edir: “FAO-nun dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycanda fitosanitar sabitliyin təmin edilməsinə, idxal zamanı fitosanitar nəzarətin çevikliyinin və şəffaflığının artırılmasına, respublikamızın zəngin bitki örtüyünün qorunub saxlanılmasına və siz fitosanitar müfəttişlər tərəfindən çətin və şərəfli vəzifənizin layiqincə yerinə yetirilməsinə öz töhfəsini verəcək”.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru Cavad Qasımov “Vahid pəncərə” prinsipinə uyğun olaraq sərhəd-keçid məntəqələrində fitosanitar nəzarətin Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirildiyini, beynəlxalq ticarətin genişlənməsi səbəbindən dövlət sərhəddinin buraxılış məntəqələrində fitosanitar risklərin artdığını, belə tədbirlərdə müfəttişlərin peşə biliklərinin artırılması hesabına risklərin azaldılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak FAO-nun Azərbaycanda həyata keçirdiyi layihələr və bitki sağlamlığı məsələlərinin əhəmiyyəti barədə danışıb.
FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.
Qeyd edək ki, təlim kursu 31 may 2018-ci il tarixinə qədər davam edəcək.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edəcək
06 Mart 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Sabirabadda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
06 Mart 2026
AFAQ layihəsi çərçivəsində Füzulidə qadın fermerlərə avadanlıqlar təqdim olunub
06 Mart 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubadda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Mart 2026
Nazir Məcnun Məmmədov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb
05 Mart 2026