Dovşanların gigiyenası-mütəxəssis tövsiyəsi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, ət istehsalının artırılmasında daha çox məhsuldar və iqtisadi baxımdan səmərəli heyvandarlıq sahələrinin - quşçuluğun, dovşançılığın inkişaf etdirilməsinin çox böyük əhəmiyyəti var. Dovşan ətindən (dietik) başqa, qiymətli dərisi də olur. Onlardan laboratoriyada təcrübə heyvanları kimi də istifadə edirlər. Dovşanların normal bəslənməsi və artırılmasında zoogigiyenik şəraitin böyük əhəmiyyəti var. Təsərrüfatlar dovşançılığın inkişaf etdirilməsindən xeyli gəlir götürür.

Agentliyin baytar mütəxəssisləri tövsiyə edirlər ki, dovşan fermaları, heyvan fermalarından və zibil tökülən yerlərdən azı 300 m aralı yerləşdirilməlidir. Dovşanları yayda istidən, və küləkdən qorumaq üçün fermanın ərazisinə ağaclar əkilməli və ətrafı hasarlanmalıdır.

Dovşanlar əsasən qəfəsli sistemdə saxlanmalıdır. Bundan başqa, azad gəzintili, qəfəsdə və tövlədə saxlanmalıdır.

Dovşanlar qəfəsdə saxlandıqda zootexniki və sanitar-baytarlıq tədbirlərinin yerinə yetirilməsini və onların xəstəliklərinə qarşı mübarizəni xeyli asanlaşdırır.

Qəfəs şəraitində yaşlı erkək və dişi dovşanlar ayrıca qəfəslərdə, cavan dovşanlar isə qruplar üçün hazırlanmış xüsusi qəfəslərdə bəslənir.

Hazırda ölkəmizin bir çox bölgələrində dovşanlar bütün ili qəfəslərdə açıq havada saxlanır. Bu şəraitdə dovşanlar üçün əlavə tikintiyə vəsait sərf olunmur, onlardan yaxşı keyfiyyətli dəri alınır.

Şimal rayonlarında qışda qəfəslər binalarda yerləşdirilir. Binada hava yaxşı ventilyasiya edilməli və temperatur 3-6° olmalıdır.

Binada qəfəslər dörd cərgədə, bəzən isə üst-üstə 2-3 mərtəbədə qoyulur.

Qəfəslər üçün taxta materialı, kərpic, saman, qamış, gil, faner və s. yerli materiallar işlədilir. Dovşanların cinsindən asılı olaraq uzunluğu 110-130 sm, eni 60-70 sm, ön divarın hündürlüyü 65-70 sm, arxa divarın hündürlüyü isə 55—60 sm olan qəfəslər mövcuddur.

Belə qəfəslərin taxtapuşu arxa divara tərəf maili olur, həm də taxtapuş arxadan 15 sm, irəlidən isə 20-30 sm divarlardan irəli çıxır. Qəfəsin döşəməsi 5 sm ön və ya arxa divara tərəf maili durmalıdır. Tüklü dovşanlar üçün döşəmə ikili düzəldilir: altdakı döşəmə bütöv, üst döşəmə isə seyrək olur. Sidiyin axması üçün divarın aşağısında (maillik olan yerdə) 1,5 sm enində boşluq qoyulur. Qəfəsdə təmizliyi gözləmək üçün yaxşı olar ki döşəmə metal tordan (məsaməcikləri 15X15-20X20 sm) və ya reykalardan düzəldilsin. Reykaların arasında 1,5 sm boşluq olmalıdır.

Alt döşəmə siyirmə və ya rəzə üzərində açılıb, sallana biləcək vəziyyətdə düzəldilir. Buna görə də döşəməni daima təmiz saxlamaq mümkündür.

Fasad divarın ortasında eni 30-40 sm, hündürlüyü 56-60 sm tor qapı qoyulur. Qapının sağ tərəfində eni 34 sm, uzunluğu 70-80 sm olan yem axuru düzəldilir.

Qəfəslər köçürülə bilən və daima bir yerdə qalan ola bilər. Belə qəfəslər içəri tərəfdən 2-3 hissəyə bölünür.

Qışda və yazın əvvəlində doğan dovşanlar üçün qəfəsə uzunluğu 50-55 sm, eni 30-40 sm və hündürlüyü 30-35 sm olan faner yeşik qoyulur. Yeşiyin üstü açıla bilir, yan divarında isə dovşanın yeşiyə girə bilməsi üçün dəyirmi deşik (diametri 20 sm) olur. Qəfəsi arakəsmə ilə iki hissəyə bölüb yeşiyi əvəz etmək olar. Dovşanın girməsi üçün arakəsmədə deşik qoyulur. Bala dovşanlar süd əmməkdən ayrıldıqdan sonra arakəsmədən və ya yeşik qəfəsdən çıxarılmalıdır.

Dovşanlara qulluq işini asanlaşdırmaq üçün qəfəslər döşəmədən 80 sm hündürdə ayaqlıqlar üzərində qurulmalıdır.

Daima bir yerdə duran qəfəsləri cərgə ilə düzməklə şöbələr yaradılır. Hər şöbədə 16-18 qəfəs olmalıdır. Qəfəslər arasında 1,5-2 m enində keçidlər qoyulur. Qəfəslərin fasadı cənuba və ya cənub-şərqə tərəf durmalıdır. Fermanın ətrafına hündür hasar çəkilməli və ağac əkilməlidir. Daima qəfəslərdə işıq əmsalı 1:3-4,5-ə nisbətində olmalıdır.

Süddən ayrılmış dovşan balaları qrupla ikitərəfli qəfəslərdə saxlanır. Belə qəfəslərin uzunluğu 300, eni isə 200 sm olur və uzununa ortadan arakəsmə (75 sm hündürlükdə olan) ilə iki hissəyə bölünür. Qəfəsin taxtapuşu iki tərəfə maili olmaqla, 20 sm divarlardan irəli çıxmalıdır. Bu qəfəslərin hər iki tərəfindən divarın hündürlüyü 55 sm-dir. Qəfəsin döşəməsi tor və ya bütöv olur. Bu döşəmə qəfəsin ön divarına tərəf azacıq maili düzəldilir. Fasad divarın hər iki tərəfində 45 sm hündürlükdə və 65 sm uzunluğunda torlu qapı qoyulur. Qapının sağ və sol tərəfində quru və yaşıl ot üçün xarici yem axuru düzəldilir.

İkitərəfli qəfəsin hər bir şöbəsində 20 baş süddən ayrılmış dovşan balası, yaxud 15 baş 2 aylıqdan yuxarı dovşan yerləşdirmək olar.

Yaşlı dovşanlar saxlanan qəfəslərdən cavan dovşanların bəslənməsi üçün də istifadə edilə bilər.

Yem axuru V hərfi formasında çevrilə biləcək şəkildə düzəldilir ki, bu da onun asan təmizlənməsinə imkan verir. Qəfəsin taxtapuşu yem axurlarının üstünü örtməlidir.

Tikintiyə sərf edilən vəsaiti azaltmaq məqsədi ilə bəzən cavan dovşanlar gəzintili sistemdə mərəkdə saxlanır.

Belə sistemdə bir baş dovşana 0,3-0,4 m2 sahə düşməlidir. Mərəyin eni 4 m, uzunu 20—40 m, bəzən daha artıq (90 m) olur. Ön divarın hündürlüyü 1,8 m, arxa divarın hündürlüyü isə 1,3 m olmaqla, ön divara yuxarıdan 30 sm hündürlükdə məftil tor çəkilir.

Mərəyin içi 80 sm hündürlüyü olan arakəsmələrlə 2 m enində (və ya 8 m 2) şöbələrə bölünür. Bir şöbədə 20 baş cavan dovşan saxlamaq olur. Hər şöbənin ayrıca tordan qapısı olmalıdır.

Mərəyin divarı 40 sm dərinliyində möhkəm bünövrə üzərində qoyulmalıdır ki, dovşanlar yerin altı ilə lağım düzəldib, mərəkdən xaricə çıxa bilməsinlər.

Cavan dovşanların saxlanması üçün açıq gəzintili sistem tətbiq edilir. Gəzinti sahəsi 2,5X4 m, onun divarının hündürlüyü 1,3 m, divarın bünövrəsi isə 40 sm-dir. Dovşanların pis havalarda daldalanması üçün gəzinti sahəsində sığınacaqlar düzəldilməlidir. Sığınacağın uzunu 2,5, eni 0,6; ön divarın hündürlüyü 60, arxa divarın hündürlüyü isə 40 sm-dir. Sığınacağın ön divarında 20 sm diametrində gözcüklər qoyulur. Gözcüklərin qapaqcıqları vardır. Gəzinti sahəsinə yem və su qabları qoyulmalıdır. Yem qabının uzunluğu

1.5 m, hündürlüyü 30 sm, yuxarıdan eni 25 sm-dir. Belə yem qablarını eni 12—16 sm olan yem axurlarında da qoymaq olar. Belə ki, onlar su qabını da əvəz edə bilir. Gəzintili sistemdə qəfəslərin işıq əmsalı 1,5—6.5        olmalıdır. Dovşanların saxlanması üçün azad və yarımazad sistem tətbiq edilir. Azad sistemdə dovşanlar yazdan qışa qədər açıq havada (çöldə), kiçik sahələrdə saxlanır. Bu sahələrdə onları yağışlı və küləkli havalardan qorumaq üçün sahədə sadə sığınacaqlar və mərəklər tikilir.

Sərbəst şəkildə isə dovşanlar hasarlanmış kiçik sahələrdə saxlanır. Gəzinti sahəsinə yem və su qabları qoyulur.

Qəfəssiz azad şəraitdə saxlamaq iqtisadi cəhətdən faydalı deyildir, Çünki bu şəraitdə dovşanlar vəhşi heyvanların hücumuna məruz qalır, onların arasında bir sıra xəstəliklər (koksidioz, zökəm, paratif və s.) asan yayılır. Bəzən dovşanların dərisi onların bir-birini dişləməsi nəticəsində zədələnir, habelə boğaz dovşanlarda bala atma halları baş verir. Bu da dovşanların bala vermə faizini aşağı salır.

Hər bir dovşan fermasında aşağıdakı avadanlıqlar olmalıdır: yem və su qabı; yem mətbəxi, sallaqxana; qışda boğaz dovşanların doğumu və onların bir yerdən başqa yerə daşınması üçün yeşik; yem və su daşımaq üçün vedrə; avadanlıqları yumaq üçün qablar, təmizlik işlərini aparmaq üçün yaba, bel, əski, metal daraq; peyini yığmaq üçün yeşik; yemi və peyini daşımaq üçün araba.

Kiçik dovşançılıq fermalarında yem mətbəxi iki otaqdan ibarətdir. Birində yemlər təmizlənir və hazırlanır, digərində yem bişirilir və paylanır. Böyük dovşançılıq fermalarında yem mətbəxi 4 otaqdan ibarət olur: yemi hazırlama; yemi yuma, bişirmə, paylama otaqları. Yem mətbəxi işıqlı, təmiz, döşəməsi möhkəm, dezinfeksiya və ventilyasiya üçün əlverişli olmalıdır. Bundan başqa, dovşançılıq fermasında olan sallaqxana üç şöbəyə bölünməlidir. Dovşanları kəsmə, dərini qurutma və dəriləri saxlama şöbələri. Dovşan kəsilən şöbədə 15-18°C, quruducu şöbədə 25-30°C, dəri saxlanan şöbədə isə 10°C temperatur olmalıdır.

Tük yolma yeri ayrıca olur, yaxud da sallaqxana otaqlarından biri bu iş üçün istifadə olunur.

Fermadan 50-100 m aralı təcrid edilmiş yer olmalıdır.

Dovşanları xəstəliklərdən qorumaq üçün fermanın sahəsi, qəfəslər, gəzinti yeri, yem və su qabları təmiz saxlanmalıdır. Qəfəslər və gəzinti yeri hər gün təmizlənməlidir. Vaxtaşırı bütün avadanlıqlar və gəzinti yerləri dezinfeksiya edilməlidir.

Xəstə dovşanları qrupdan ayırmalı, onların olduğu qəfəslər və gəzinti yeri dezinfeksiya edilməlidir.