• Ana səhifə
  • Xəbərlər
  • ELEKTRON KƏND TƏSƏRRÜFATI İNFORMASİYA SİSTEMİNDƏ 297652 FERMER QEYDİYYATDAN KEÇİB
ELEKTRON KƏND TƏSƏRRÜFATI İNFORMASİYA SİSTEMİNDƏ 297652 FERMER QEYDİYYATDAN KEÇİB

Göyçay və Ağdaşda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi ilə bağlı maarifləndirmə işləri aparılır.

Maarifləndirmə işləri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin əməkdaşları fermerlərin öz məlumatlarını EKTİS sisteminə daxil etməsinə köməklik göstərəcək könüllülərə xüsusi təlim keçiblər. Təlimlərdə əməkdaşlara sistemin funksiyaları, xidmət reqlamenti, məlumatların daxil edilmə ardıcıllığı izah olunub.

Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin Təlim Mərkəzində keçirilən təlimlərə Aqrar İnkişaf Könüllüləri, DAİM-in əməkdaşları cəlb olunublar. Təlim keçmiş şəxslər Göyçay DAİM-də, Yeniarx və Çərəkə kəndlərində yaradılmış səyyar məntəqədə fermerlərə informasiya-məsləhət xidməti göstərirlər. Fermerlər bu məntəqələrə yaxınlaşaraq EKTİS-də qeydiyyatdan keçirlər.

EKTİS-in tətbiqi prosesinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Səyyar ASAN xidmət avtobusu Yeniarx və Çərəkə kəndlərində fermerlərə xidmət göstərir. Analoji proses Ağdaş rayonunda da aparılır.

Qeyd edək ki, bu günə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 297,652 fermer qeydiyyatdan keçib. Fermerlərdən 216,134 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdirib. 60,573 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 6250 fermer icarə sənədi, 3078 fermer etibarnamə, 630 fermer vərəsəlik şəhadətnaməsi, 246 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə 15529 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 12258, Cəlilabadda 11042, Şəkidə 10278, Bərdədə 10021, İmişlidə 9646, Qubada 8848, Biləsuvarda 8407, Salyanda 8334 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.