"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsi məqsədi ilə Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının 2020-2025-ci illər üzrə tədqiqat hədəfləri hazırlanıb. Hədəflərin aqrar sahənin inkişaf məqsədlərini ehtiva etməsini aydınlaşdırmaq məqsədi ilə elmi-tədqiqat institutları rəhbərlərinin iştirakı ilə hədəflər planının müzakirəsi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, heyvandarlığın təşkili və identifikasiya şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin iştirakı ilə keçirilmiş növbəti müzakirədə Əkinçilik, Üzümçülük və Şərabçılıq, Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının yaxın beş ilə nəzərdə tutulmuş hədəfləri təhlil olunub.
Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Cavanşır Təlai təqdimatında bildirib ki, beş il ərzində həyata keçiriləcək hədəflər sırasına ölkənin suvarılan və dəmyə bölgələri üçün rəqabətqabiliyyətli yumşaq buğda, arpa, yonca, qarğıdalı, noxud, tütün sortlarının yaradılması daxildir. Təbii yem sahələrinin səthinin yaxşılaşdırılması texnologiyası, suvarılan bölgələrdə taxıl əkinləri altında innovativ resursmühafizəedici texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması üzərində də işlər aparılacaq.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov təqdimatında bildirib ki, beş illik hədəflərə üzümün seleksiyası və üzüm genofondunun səmərəli istifadəsi məsələləri daxildir. Yerli kişmişi üzüm sortlarının irigiləliyə və xəstəliklərə, gecyetişən süfrə üzüm sortlarının saxlanmaya, daşınmaya, xəstəlik və zərərvericilərə qarşı davamlılığının yaxşılaşdırılması, eyni zamanda məhsuldar, keyfiyyətli, əmtəəlik görünüşlü tezyetişən və çox gecyetişən yeni süfrə kişmişi üzüm sortlarının yaradılması institutun hədəfləri sırasındadır. Şampan şərab materialı və oynaq şərabların istehsalı məqsədilə yüksək turşuluq toplayan, davamlı, məhsuldar yeni texniki üzüm sortlarının yaradılması, bioloji baxımdan təmiz, fillokseraya davamlı calaq-tinglərinin yetişdirilməsi də elm müəssisəsinin qarşıda duran hədəfləridir.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova da təqdimatında beş illik hədəfləri açıqlayıb. İnstitutun hədəflərinə kənd təsərrüfatı heyvanlarının invazion və infeksion xəstəliklərinin molekulyar biologiya səviyyəsində diaqnozunun qoyulması, qarşısının alınmasında innovativ müalicə və profilaktiki tədbirlər sisteminin hazırlanması, ipəkqurdunun yemlənməsi üçün süni yemin hazırlanması texnologiyasının formalaşdırılması, yerli ştammlardan istifadə edərək serrum, vaksin və diaqnostikumların istehsalı daxildir.
Müzakirədə elmi-tədqiqat institutları tərəfindən müəyyənləşdirilmiş hədəflərin icra müddəti, elmi baxımdan əsaslandırılması geniş müzakirə olunub, suallar cavablandırılıb. Anoloji müzakirələrin davam etdirilməsi qərara alınıb.
Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib
11 Mart 2026
Nazir Məcnun Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri ilə görüşüb
11 Mart 2026
Ağdərədə kənd sakinlərinin aqrar bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim proqramı uğurla yekunlaşıb
11 Mart 2026
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələrinin buraxılışı həyata keçirilib
11 Mart 2026
Laçın rayonunun Zabux kəndi üzrə torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
11 Mart 2026