FAO Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan ilə FAO arasında imzalanmış Tərəfdaşlıq Proqramı ölkəmizlə beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni bir mərhələyə qədəm qoymasına imkan verib. Bu Proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Nazir bildirib ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər.

İnam Kərimov əlavə edib ki, 1995-2018-ci illərdə FAO ilə birlikdə 53-ə yaxın layihə həyata keçirilib, hal-hazırda 6 layihənin icrası davam etdirilir, 4 layihənin isə yaxın müddət ərzində icrasına başlanacağı gözlənilir. Layihələr əsasən toxumçuluq, heyvandarlıqda məhsuldarlığın artırılması, damazlıq işinin yaxşılaşdırılması, fitosanitar xidmətlərin gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizənin təkmilləşdirilməsi və digər sahələrin inkişafına yardım edir.

Nazir bildirib ki, layihələrin icrası zamanı onun dayanıqlığına, səmərəliyinə və  peşəkar mütəxəssis bazasının formalaşmasına önəm verilir: “Hər bir layihə özünün spesifik məqsədlərinə nail olmaqla yanaşı, aqrar sektorun intensiv inkişafına təkan verməlidir. Düşünürəm ki, Proqram çərçivəsində həyata keçiriləcək layihələr Azərbaycan Respublikası Hökumətinin prioritet hesab etdiyi kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sahələrində önəmli töhfələr verəcəkdir”.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Vladimir Raxmanin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxış edərək  FAO Azərbaycan Tərəfdaşlıq Proqramının önəmindən danışıblar. Natiqlər bu Proqramın FAO-nun strateji məqsədlərinə uyğun olaraq, kənd yerlərində sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Daha sonra tədbirdə həyata keçiriləcək layihələrin təqdimatı olub. Tərəfdaşlıq Proqramı çərçivəsində FAO Azərbaycanda qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması, iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərin yaradılması, sağlam toxumluq kartof istehsalı üzrə milli sistemin yaradılması və fındıq sənayesinin inkişafı üzrə layihələrinin həyata keçirilməsini nəzərdə tutur.












 

  • A
  • A
  • A