Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Hazırda əkib-becərdiyim şaftalı bağlarını 1990-cı ildə icarəyə götürmüşəm. Bol məhsul yetişdirmişəm. Dövlətimiz şərait yaradıb, biz də bundan istifadə edib bağ salmışıq”. Bu fikirlərin müəllifi Xaçmaz rayonunun Ağtala kəndində yaşayan fermer İslam İsbatovdur.
Uzun illər peşə məktəbində müəllim işləmiş 72 yaşlı İslam İsbatov 20 ildən çoxdur meyvəçilik sahəsində fəaliyyət göstərir. O həm də rayonun qabaqcıl fermerlərindən sayılır. İslam İsbatovun təsərrüfatının yerləşdiyi Ağtala kəndi Nərəcan inzibati ərazi dairəsinə daxildir. Nərəcan və Ağtala kəndlərindəki bağların 90 faizində şaftalı yetişdirilir. Fermerin sözlərinə görə, bu kəndlərdə 1000 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir. Bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda məşhurdur.
İslam İsbatov hazırda şaftalı bağlarında məhsul yığımının ən qızğın çağı olduğunu bildirir. Meyvənin indiki qiyməti təsərrüfatçıları qane edir: “Bağa lazımi aqrotexniki qulluq göstəririk. Suvarma, dərmanlama və bu kimi bütün işləri vaxtı-vaxtında görürük. Bol məhsul əldə olunması üçün bütün bunlar vacib şərtdir. Bu işlər olmasa, meyvə zəif olar. Bağın budanmasına da diqqət yetirmək lazımdır. Şaftalı özü-özünü tozlandırır. Hər il də meyvə gətirir. Təsərrüfatımızda “Fədai”, “Qızıl yubiley”, “Elbert” kimi çox yaxşı şaftalı sortları var. Meyvəmiz də yaxşı satılır. Müştəri sarıdan da problemimiz yoxdur”.
Qeyd edək ki, Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək. Ümumilikdə rayonda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il bu bağlardan 20 min tona yaxın şaftalı toplanır. Yetişdirilən şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026