• Ana səhifə
  • Xəbərlər
  • FERMERLƏRƏ MƏXSUS ÜZÜM BAĞLARINDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNƏ BAŞLANILIB
FERMERLƏRƏ MƏXSUS ÜZÜM BAĞLARINDA MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNƏ BAŞLANILIB

Mövsümlə əlaqədar olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinın Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən fermerlərə məxsus üzüm bağlarında maarifləndirmə tədbirlərinə başlanılıb. “Üzümçülükdə mövsümü aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirlərinin vaxtında aparılması” mövzusunda ilk sahə təlimi Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən bağlarda keçirilib.

Üzümçü fermerlərin iştirakı ilə keçirilmiş maarifəndirmə tədbirində institutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, üzüm  tənəklərində vegetasiya fazalarının başlanması və davam etməsi torpaq-iqlim şəraitindən, sort xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur. Məsələn, iyun ayının əvvələrində Abşeron və Şamaxı rayonlarında tənəklər çiçəkləmə mərhələsində olanda Salyan rayonu şəraitində üzüm qoraların iriləşməsi mərhələsində olur. Bu rayonlar arasında eyni fenofazalar üzrə 12-18 gün fərq müşahidə edilir. Ona görə də üzümçülükdə aqrotexniki tədbirlərin aylar üzrə deyil, fenofazalar üzrə aparılması daha səmərəlidir. Buna görə də hər bir bölgənin torpaq-iqlim şəraitində tənəklər müntəzəm izlənilməli və hər bir fazaya uyğun aqrotexniki tədbirlər vaxtında yerinə yetirməlidir. Hazırkı vaxt Abşeron şəraitindəki üzümlüklərdə qoranın əmələ gəlməsindən onların yetişmə prosesinin başlamasına qədər olan fazanın əvvəlinə təsadüf edir. Ona görə də fermerlərə bu dövr üçün xarakterik olan aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirləri haqqında ətraflı məlumatlar  verilib. Bu faza qoranın əmələ gəlməsindən onların yetişmə prosesi başlayana qədər olan dövrü əhatə edir və üzümün həyatında ən uzun sürən və həssas mərhələdir.

Üzümçü fermerlərin diqqətinə iyun ayı ərzində vacib olan tədbirlər kompleksi çatdırılıb. Belə ki, ayın axırına qədər göbələk xəstəliklərinə (mildiu, oidium, antraknoz, ölü kol və s.) və gilə qurduna qarşı kimyəvi çiləmənin, eləcə də suvarma və mikrogübrələrlə kökdənkanar yemləmələrin aparılması, kişmişi üzüm sortlarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə “boy hormonlarından” istifadə, cərgələrdə torpağın yumşaldılması və cərgəaralarında kultivasiya aparılması, yarpaq qoparma, zoğların ikinci bağlanması, kişmiş və süfrə üzüm sortlarında salxım və gilələrin seyrəldilməsi, salxımın ucunun qoparılması vacibdir. Zoğlarda sürətli böyümə dayanan vaxt (iyulun axırı, avqustun əvvəlində) ucvurma tədbirləri aparılmalıdır.

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılmış Məsləhət Qrupu tərəfindən digər kəndlərdə də analoji maarifləndirmə tədbirləri həyata keçiriləcək.