İyun ayının 20-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Bakı şəhərində “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün bitki və bitkiçilik məhsullarının ilkin təftişi və zərərvericilərin diaqnostikası üzrə təlim” öz işinə başlayıb.
Təlimin əsas məqsədi Azərbaycanda fitosanitar nəzarətin daha da gücləndirilməsini və fitosanitar sabitliyin qorunmasını təmin etmək, eyni zamanda hər iki dövlət orqanının müfəttişlərinin idxal zamanı ölkə ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq bacarıqlarının artırılmasıdır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı, layihənin milli koordinatoru Xəyalə Dadaşova bu layinənin Azərbaycanda uzun müddətdir fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Layihə çərçivəsində həm Dövlət Gömrük Komitəsinin, həm də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tərkibində fəaliyyət göstərən fitosanitar müfəttişlər bütün seminarlarda, eyni zamanda FAO-nun dəstəyi ilə bir neçə xarici ölkədə keçirilən təlimlərdə uğurla iştirak edərək biliklərini daha da təkmilləşdiriblər”.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru Cavad Qasımov Azərbaycanda istehsal olunan məhsulların ixrac prosesinin sürətləndirilməsi üçün bir sıra işlərin həyata keçirildiyini və seminarın təşkil olunmasının hər üç dövlət orqanı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycan üçün aqrar sektorun inkişafının çox vacib olduğunu diqqətə çatdırıb: “Fitosanitar müfəttişlərin idxal-ixrac prosesində həyata keçirəcəkləri işlər bu inkişafın bir parçası olmalıdır. Eyni zamanda ölkənin karantin zərərvericilərindən qorunması, ekoloji sabitliyin təmin olunması, ixrac potensialının artırılması və Azərbaycan istehsalı olan məhsulların keyfiyyət və təmizliyinin bütün dünyaya sübut olunması ölkənin gələcəyi üçün çox vacibdir”.
Müzakirələrdən sonra FAO-nun beynəlxalq məsləhətçisi Natalya Şerokolava “Azərbaycan Respublikasının karantin orqanizmlər siyahısının təhlili, karantin fitosanitar diaqnostika prinsipləri”, “Toxum materialında karantin böcək və yabanı bitki növləri” və digər mövzularda təlimlərə başlayıb.
Qeyd edək ki, iyunun 22-nə qədər davam edəcək təlimlərdə Azərbaycan Respublikasının bitki örtüyünün və kənd təsərrüfatı məhsullarının karantin zərərvericilərindən və xəstəliklərindən qorunması, ölkəyə idxal olunan məhsullara vizual baxışın həyata keçirilməsi zamanı xəstəliklərin və zərərvericilərin müəyyənləşdirilməsi üçün bir sıra mövzuların öyrənilməsi ilə bağlı təlimlər keçiriləcək.
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026
BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub
08 Sentyabr 2026