Hibrid qarğıdalı toxumçuluğuna həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun inkişaf etdirilməsində beynəlxalq təcrübənin tətbiqinin perspektivləri”nə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, eləcə də Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının alim və mütəxəssisləri ilə yanaşı, qarğıdalı əkini ilə məşğul olan fermerlər də iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bildirib ki, kənd təsərrüfatı, xüsusən də qarğıdalı sahəsi ölkə iqtisadiyyatında strateji sahələrdən biridir. O, cari təsərrüfat ilində qarğıdalı əkini sahələrinin mövcud vəziyyəti, Azərbaycanda qarğıdalının elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun qarşısında duran vəzifələr, qarğıdalı sahəsinin strateji istiqamətləri, tədqiqat prioritetləri və digər məsələlərə toxunub.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev “Azərbaycanda qarğıdalı sahəsinin dinamik inkişafının təmin edilməsində qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. O, ölkədə qarğıdalının əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, heyvandarlığın güclü yem bazasının yaradılması və təkrar əkinlərdə rolu, son illər yaradılmış sort və hibridlərin üstünlükləri, iqtisadi baxımdan səmərəli becərilmə texnologiyaları barədə məlumat verib. Konfransda qarğıdalı hibridlərinin alınmasında təmiz xətlərin yaradılması və seçilməsinin əhəmiyyəti, yerli sort populyasiyaları əsasında inbridinq xətlərin yaradılması, mühitin qeyri-əlverişli amillərinə qarşı davamlı sortların əldə edilməsində yerli qarğıdalı sortlarına üstünlük verilməsinin vacib olduğu qeyd olunub.

Tədbirdə hibrid qarğıdalı toxumçuluğunda “Doubl haploid” texnikasının üstünlükləri və gələcəkdə bu üsulla fermerlərin hibrid toxumları ilə təmin edilməsi məsələsinə də toxunulub.

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Adana şəhərində fəaliyyət göstərən Doğu Akdeniz Tarımsal Araşdırma İnstitutunun direktor müavini İbrahim Cerit “Hibrid qarğıdalının seleksiyası və toxumçuluğunun təşkilində Türkiyə təcrübəsi” adlı təqdimatla çıxış edib. O, hibrid qarğıdalı istehsalında ən ucuz və qısa müddətdə nəticə verən innovativ “Double haploid” texnikasının üstünlükləri, hibrid qarğıdalı toxumçuluğunun əsasını təşkil edən induzer xətlərinin alınması ilə dünyada və Türkiyədə görülən işlərlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb. Türkiyəli mütəxəssis bu mütərəqqi üsulla Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun yaranmasına kömək edəcəyini vurğulayıb.

Konfrans öz işini Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşerondakı təcrübə bazasının tarla şəraitində davam edib. Konfrans iştirakçıları burada yerli və xarici qarğıdalı,  eləcə də ölkə üçün prioritet olan dənli-paxlalı, yem bitkilərindən ibarət tarla təcrübələri ilə tanış olublar.

Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.