İpəkqurdu saxlanılacaq kümxanalarda dezinfeksiya tədbirləri davam etdirilir

Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytarlıq idarələri tərəfindən respublikanın 40-dan çox rayonunda baramaçılıqla məşğul olan təsərrüfatların ipəkqurdunun saxlama yerlərində- kümxanalarda dezinfeksiya tədbirləri davam etdirilir.

Kümxanalarda dezinfeksiya işləri zərərvericilərin (bakteriya və virusların) məhv edilməsi məqsədi ilə aparılır. Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar olaraq aparılan bu tədbirlər məhsuldarlığın artmasına təsir göstərir.

Tədbirlər başlayandan indiyə kimi 235190 kvadratmetr sahədə dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya almerdeheyder dərman maddəsinin məhlulundan istifadə edilməklə aparılır.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin baytarlıq idarələri öz fəaliyyətlərini fermerlərə, kəndlilərə yaxınlıq, onların yanında olmaq prinsipləri əsasında qurur. Yerlərdə yüksək məhsuldarlığa nail olmaq üçün baramaçılıqla məşğul olan rayonların hər birində Agentlik tərəfindən dezinfeksiya ilə yanaşı, ipəkqurdunun bəslənilməsinə hazırlıqla əlaqədar fermerlərə, kümçülərə zəruri informasiyalar verilir, düzgün istiqamətə yönəldilir, ipəkqurdunun bəslənilməsi ilə bağlı yeni metodlar barədə kümçülər məlumatlandırılır. Eləcə də zərərvericilərə qarşı aparılan tədbirlərin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması fermerlərə və sahibkarlara ətraflı izah edilir. Bildirilir ki, zərərvericilərə qarşı vaxtında aparılan tədbirlərin yerinə yetirilməsi, məhsul istehsalının  artmasına müsbət təsir göstərir. Zərərvericilərlə sirayətlənmiş ipəkqurdu bəslənilən və saxlanılan kümxanalarda isə məhsulun çəkisi azalır və baramanın keyfiyyəti aşağı düşür.

Zərərvericilərə qarşı aparılan tədbirlər həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (xüsusi geyim forması – kombinezon, maska, xüsusi ayaqqabı, əlcəklər, eynəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir.

Hazırda dezinfeksiya işləri planlı şəkildə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublika üzrə tətbiq olunmuş xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq davam etdirilir.