ŞƏKİDƏ YAZ-TARLA İŞLƏRİNƏ HAZIRLIQ NECƏ GEDİR?

Əsrarəngiz təbiətə malik Şəkinin ölkəmiz üçün turizmlə yanaşı, təsərrüfat əhəmiyyəti də böyükdür. İri kənd təsərrüfatı rayonlarından olan Şəkini ölkənin “taxıl anbarı” da adlandırmaq olar. Dəmyə əkinçiliyinin geniş yayıldığı bu ərazilərdə hər il 200 min tondan çox taxıl məhsulları istehsal olunur. Əhalinin təsərrüfat vərdişləri kifayət qədər zəngin və əhatəlidir.

İki fəslin kəsişdiyi bir vaxtda – qışın tədricən başa çatdığı, yazın isə ürkək boy göstərdiyi bu günlərdə Şəkidə torpaq adamlarının qayğıları ilə maraqlandıq. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin ən iri elmi-tətqiqat institutu - Əkinçilik İnstitutunun aktiv fəaliyyət göstərdiyi bölgələrimizdən biri də Şəkidir. Burada regional elm mərkəzi, dənli bitkilər və yemçilik üzrə dayaq məntəqələri fəaliyyət göstərir. Bu elmi müəssisələr seleksiya yolu ilə əldə edilmiş dənli bitkilərin boitik və abiotik amillərə dözümlülüyünün, stress faktorlarına davamlılığının yoxlanaraq artırılması istiqamətində fəaliyyət göstərir, sərgi-nümayiş sahələri yaradaraq bölgə fermerlərini məlumatlandırmaq kimi mühüm işləri həyata keçirir.  

Hava soyuq, yağıntılı olsa da regional elm mərkəzinin rəhbəri Elxan İlyasovla birgə “Daşüz” deyilən ərazilərdəki əkin-nümayiş sahələrinə baş çəkdik. Hazırda taxılçılıq yaz-qulluq işlərinin vaxtıdır, yemləmə gübrələrinin verilməsi, alaqlara və ziyanvericilərə qarşı mübarizə tədbirləri artıq başlayıb. Elxan İlyasov deyir ki, mərkəzin əməkdaşları son günlər bu istiqamətdə fermerlər arasında fəal təbliğat işləri aparmağa başlayıblar: “Mərkəzimizin əhatə dairəsinə şimal-qərb bölgəsində 6 rayon - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ daxildir. Ötən il 38 ton həcmində istehsal edilmiş elit nəsilli buğda və arpa toxumları toxumçu fermerlərə verilib. Eyni zamanda, onların cari ildə əkin sahələrinə edilmiş bütün aqrotexniki qulluq işləri Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən nəzarətdə saxlanılır, daim fermerlərimizlə məsləhət saatları aparır, onlara aqroqulluq işləri, ən son elmi-texniki nəaliyyətlər barədə məlumatlar veririk. Ötən il ən maraqlı layihəmiz Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə oldu,  2018-ci ilin aprel ayında elmi əməkdaşlar tərəfindən alınmış tərəvəz sortlarından olan pomidorun “Leyla”,  “Zərrabi”, “Zəfər”, “İlkin”, “Xəzər”, lobyanın “Sevinc”, “Zülal”, badımcanın “Billur”, “Gəncə”, bibərin “Yadigar”, ”Murad”, qarpızın “Mərcan”, yemişin “Veteran”, soğanın “Sabir” sortlarının təcrübə nümayiş əkinlərini təşkil etdik, bölgədə tərəvəzçiliklə məşğul olan fermerlərə yerli sortlar haqqında məlumatlar verdik. Ötən il mərkəzdə  150 m2 sahədə örtülü istixana quraşdırıldı və pomidor sortları əkildi”.

Öyrəndik ki, rayonda Şəki  Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin digər elmi tərəfdaşı Əkinçilik İnstitutunun dayaq məntəqəsidir. Məntəqənin rəhbəri, texnika elmləri doktoru Məcnun Şükürovla sahədə görüşdük. Yaz qayğıları ilə bağlı sahələrin əkinə hazırlanması prosesinə rəhbərlik edirdi: “Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dayaq məntəqəsi olaraq əsas vəzifəmiz toxumçuluqla məşğul olmaq, yeni sortların ilkin toxumçuluğunu təşkil etməkdir. Ötən il “Şəki-1”, “Ağalı”, “Aran” və digər sortların toxumlarını artıraraq fermerlər arasında yaymışıq. Ümumilikdə, il ərzində 104 hektar sahədə 94 tondan çox toxum istehsal edərək bölgədə yayırıq.    

Bu ildən isə maraqlı bir elmi istiqamətin qurulmasına başlamışıq- tütün toxumçuluğu. Elmi müəssisə olaraq gördük ki, son illər bu sahəyə diqqət daha da artdı, fermerləri şitillərlə təmin etmək kimi zərurət meydana çıxdı. Qərara gəldik ki, bölgəmizin əvəllər olduğu kimi şöhrətini geri qaytaraq.

Elmi baxımdan tütünçülüyün mədəni əkinçiliyə təsirlərini də öyrənirik. Bu texniki bitki taxıl üçün ən yaxşı sələfdir. Tütün torpağın strukturunun yaxşılaşdırılmasına müsbət təsir göstərir, becərmə əməliyyatlarının sayı dəfələlə çox olduğu üçün torpaqda lazımi nəmlik toplanır. Gördüyünüz bu sahədə tütün toxumlarının əkininə başlamışıq. Xatırlayıram ki,  hələ sovet dövründə də tütün toxumçuluğu var idi, biz sadəcə bu ənənəni bərpa etdik”.

Dayaq məntəqəsinin digər  əməkdaşları da bizə bu yeni elmi istiqamət haqqında ətraflı danışdılar. Tütün şitilliyini qurmaq asan məsələ deyil, qulluğa çox təlabkardır. İlk növbədə ləklərə toxumlar əkilərək onlardan şitillər alınmalıdır. Daha sonra torpaq dəfələrlə şumlanmalı, malalanmalı, üzvi peyindən istifadə olunmalıdır. Fermerləri isə bu qədər əziyyət yormur, əksinə yazın ilıq nəfəsi ilə tədricən oyanan torpaq onlara mənəvi güc, tükənməyən qüvvət verir.  

Bu ildən bölgədə toxumçuluğu stimullaşdıran daha bir addım toxum fabrikinin qurulmasıdır. Dövlət Toxum Fondunun nəzarətində olacaq bu fabrik elmi müəsissələrdə istehsal edilən toxumların tədarükünü, təmizlənərək uzunmüddətli saxlanmasını təmin edəcək. Bununla da yüzlərlə fermer keyfiyyətli toxum əldə edəcək, bu addım isə təsərrüfatların iqtisadi göstəricilərində heç şübhəsiz ki, özünü göstərəcək.

Şəkidə bir çox torpaq adamları ilə görüşdük, bütün fermerlər sahələrdə yaz qayğıları ilə məşğul idilər. Eyni fikri onlar da səsləndirdilər:” Təki torpağımız bərəkətli, elimiz firavan olsun, bizim üzərimizə düşən işləməkdirsə, işləyəcəyik!”

  • A
  • A
  • A