Lerik rayonunun dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən Dizdipok kəndində taxıl biçini aparılıb. Biçin prosesinə dağlıq ərazilərdə, maili sahələrdə biçin üçün ixtisaslaşmış dağ kombaynları cəlb olunub.
Biçin prosesində iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov yeni nəsil dağ kombaynlarını idarə edən mexanizatorlarla söhbət edib, fermerlərlə dağlıq ərazilərdə biçinlə bağlı fikir mübadiləsi aparıb. Bildirilib ki, əvvəllər yüksək dağlıq ərazilərdə biçin prosesi yalnız sovet istehsalı olan köhnə kombaynlarla aparılıb. O kombaynların maili ərazilərdə biçin aparmaq xüsusiyyətinin zəif olması biçində çoxsaylı çətinliklər yaradıb. Ötən il “Aqroservis” ASC-nin xətti ilə alınmış yeni nəsil dağ kombaynları biçilməsi çətin olan, dağlıq və dağətəyi zonalardakı sahələrdə biçin problemini aradan qaldırıb. Yeni nəsil dağ kombaynlarının ölkəmizə gətirilməsi nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda da dəmyə şəraitində dənli bitkiləri becərməyə imkan verir.
Nazir İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, respublikada taxl biçini yekunlaşmaq üzrədir: “Bu günə kimi taxıl sahələrinin 87 faizində biçin prosesi başa çatıb. Artıq yalnız dağlıq və dağətəyi rayonlarda biçin gedir. Əvvəlki illərdə olduğu kimi bu il də taxıl biçini mütəşəkkil təşkil olunub, bu səbəbdən ötən illə müqayisədə biçin prosesini ən azı 10 gün tez yekunlaşdırmaq ərəfəsindəyik. Orta məhsuldarlıq çox yüksəkdir, respublika üzrə taxıl üzrə orta məhsuldarlıq 32 sentnerdən yuxarıdır, ayrı-ayrı taxılçılıq rayonlarında buğda üzrə orta məhsuldarlıq göstəricisi 40 sentneri keçib. Doğru toxum seçimi, düzgün aqrotexniki qulluq nəticəsində respublikanın ayrı-ayrı təsərrüfatlarında 60 sentnerdən çox məhsul görürən fermerlərimiz var”.
Nazir qeyd edib ki, yüksək dağlıq ərazilərdə biçin apara biləcək xüsusi dağ kombaynlarının alınması sayəsində dağ kəndlərində, yüksək maili ərazilərdə biçin problemi köklü şəkildə həll olunub: “Artıq dağ kombaynları ilə Yardımlı, Lerik, Cəlilabad rayonlarının dağlıq ərazilərində biçin aparılıb, Şəmkir, Şamaxı və Qobustan rayonlarının yüksək dağlıq hissələrində yaxın günlərdə kütləvi biçinə start veriləcək. Biçin prosesinin mütəşəkkil təşkili üçün nazirlikdə xüsusi operativ qərargah yaradılıb, biçinin növbəli şəkildə həyata keçirilməsi təmin olunub. Əsas hədəfimizə - biçin prosesini məhsul itkisi olmadan, mütəşəkkil şəkildə həyata keçirmək hədəfimizə nail ola bilmişik”.
Xatırladaq ki, bu il Lerik rayonunda 3069 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələrinin əksəriyyəti dəmyə ərazilərdə yerləşir. Artıq taxıl sahələrində biçin başa çatmaq üzrədir. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 22 sentnerə yaxındır ki, bu da dəmyə əkinlər üçün normal göstərici hesab olunur.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026