• Ana səhifə
  • Xəbərlər
  • Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Noyabrın 6-da Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Arturla görüşüb.

Görüşdə Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson, briqada generalı Brent Rayt, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının rəhbəri Cey Sinkhin də iştirak ediblər.

Nazir Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştatının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu dilə gətirən xanım Bleyn Artur ştatda kənd təsərrüfatının əsasən heyvandarlıq istiqaməti üzrə ixtisaslaşdığını bildirib. Oklahomanın ölkədə buğda istehsalına görə birinci, mal əti istehsalına görə isə ikinci yerdə olduğunu deyən kənd təsərrüfatı katibi bildirib ki, forumda Azərbaycan və Oklahoma şirkətlərinin heyvandarlıq və bitkiçilik üzrə əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün gözəl imkanlar yaranacaq.

Həmin gün Azərbaycan nümayəndə heyətinin şərəfinə təşkil olunan qəbulda Oklahoma şəhər meri Devid Holt və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson çıxış edərək, ştatın müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətləri barədə məlumat veriblər. Natiqlər qeyd ediblər ki, Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Çıxış edənlər fəaliyyətə başlayacaq Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunun aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq üçün gözəl platforma rolunu oynayacağını bildiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Oklahoma ştatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkiblər. Oklahoma Dövlət Universitetinin Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzində nümayəndə heyətinə aqrar məhsulların müasir texnologiyaların tətbiqi ilə becərilməsi üsulları barədə məlumat verilib. Heyət üzvləri ştat ərazisində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzinin, süd emalı üzrə ixtisaslaşmış “Dairy Freestall Barn” fermasının fəaliyyəti ilə də tanış olublar.

Nümayəndə heyəti, həmçinin Oklahoma ştatının iribuynuzlu heyvanların ən məhşur satış auksionu hesab olunan “Oklahoma National Stockyards”ın fəaliyyəti ilə tanış olublar. Burada heyvandarlıq sahəsinə aid qanunvericilik, ABŞ bazarında mal ətinə olan tələbat, ştatın yürütdüyü qida siyasəti, heyvan xəstəliklərinə qarşı mübarizə mexanizmlərı barədə geniş məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti “Payne Cattle Company” və “Growing Paynes Garden” şirkətlərinin suvarma və otlaq torpağlarının idarə olunması avadanlıqları, qış mövsümündə çiyələk yetişdirilməsi üsulları ilə tanış olublar.

Günün sonunda Oklahoma Tarix Mərkəzində ştatın Ticarət Departamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə qəbul təşkil olunub. Tədbirdə çıxış edən nazir İnam Kərimov Oklahoma ştatının rəhbərliyinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Azərbaycanla ştat arasında mövcud əlaqələri və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri Oklahoma ştatı ilə uzun illərdir davam edən əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Qəbulda Oklahoma ştatının rəhbərliyi, ştat Milli Qvardiyasının komandanlığı, amerikalı konqresmen Kevin Hern və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu öz işinə başlayır. Forumda heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələləri müzakirə olunacaq.

Forum Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil edilib.