KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ \"AMAL\" LAYİHƏSİNİ TƏQDİM ETDİ

 

Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi olan AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) təqdimatı keçirilib.

“AMAL” Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsdür. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi “AMAL” layihəsi regionlarda yaşayan gənclərin aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində Gənc Fermerlər Proqramı və Kənd Təsərrüfatı Sahəsində Peşə Təhsili Proqramı həyata keçirilməklə, gənclərin məşğulluq imkanlarının artırılması üçün zəruri olan bilik və bacarıqlara sahib olması, texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması ilə bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulub.

“AMAL” layihəsinin əsas məqsədlərindən biri də regionlarda yaşayan və kənd təsərrüfatı ilə məşğul olmaq istəyən gənc xanımların və məcburi köçkün ailələrindən olan gənclərin bu sahədə biznes ideyalarının reallaşmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir.

“Bu layihə ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək, cəmiyyətin bütün sahələrində olduğu kimi, aqrar sektorda da onların iştirak səviyyəsini artıracaq, yeni nəsil fermerlərin formalaşmasına yol açacaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasına şərait yaradacaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artıracaq, aqrar sektorda müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təşviqləndirəcək” – Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova AMAL-ın təqdimatı zamanı belə bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak çıxışında bildirib ki, layihə 2018 və 2020-ci illəri əhatə edir:

\"Ümumiyyətlə meşə və balıqçılıq kimi dayanıqlı kənd təsərrüfatına keçməliyik. Bu keçid 2050-ci ildə dünyada 200 milyon yeni iş yeri açılmasına səbəb olacaq. Ümumilikdə yaşıl kənd təsərrüfatına keçid ekologiyaya və məhsuldarlığın artmasına müsbət təsir göstərir\".

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, layihənin ümumi büdcəsinin bir hissəsi kredit və qrantlardan təşkil olunub:

\"İl sonunadək 2 milyon manat ayrılması nəzərdə tutulub. Layihə çərçivəsində yaşıl ideyası olan gənclər üçün 5 min manatdan 200 min manatadək kreditlərin ayrılması nəzərdə tutulub. Aqrar Məşğulluğun Artırılması Layihəsi ilkin mərhələdə seçilmiş 10 pilot rayonu əhatə edəcək”.

Qeyd edək ki, layihəni Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirəcək.







 

  • A
  • A
  • A