KÜRDƏMİR RAYONUNDA HEYVANLAR ARASINDA PROFİLAKTİK TƏDBİRLƏR DAVAM ETDİRİLİR

2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Kürdəmir rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Kürdəmir rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Kürdəmir Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Kürdəmir Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun 62 kəndində saxlanılan 53412 baş iribuynuzlu, 112676 baş xırdabuynuzlu, 706 baş təkdırnaqlı heyvanda qarayara, 4255 baş sahibli itdə quduzluq, 91479 baş xırdabuynuzlu heyvanda çiçək, 1500 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanlarda bruselyoz xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 640 baş iribuynuzlu heyvanda leptospiroz (sarılıq), 427233 (“H” ştammı ilə) baş quş və 851873 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Fevral ayından Kürdəmir rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 58090 baş iribuynuzlu və 31941 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Mart ayının ilk günlərindən isə Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 50131 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Bu müddətdə həm də 44475 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

1556955938_dsc_0133.jpg 1556955970_dsc_0191.jpg 1556956002_dsc_0056.jpg 1556956019_dsc_0217.jpg 1556955963_dsc_0157.jpg
Həmçinin həssas heyvanlar arasında  bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 5930  baş iribuynuzlu heyvanlardan və 183 baş törədici qoçlardan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda 183 baş törədici qoç qan epidedimitə görə müayinədən keçirilib. Bununla yanaşı vərəm xəstəliyinə qarşı 1940 baş iribuynuzlu heyvanlarda, manqo xəstəliyinə qarşı 520 baş atda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.
Qeyd edək ki, rayonda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Kürdəmir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, bruselyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

  • A
  • A
  • A