• Ana səhifə
  • Xəbərlər
  • Lənkəranda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb
Lənkəranda Amerika ağ kəpənəyinin ikinci nəslinə qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb

İyun ayından etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) birinci nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri yekunlaşıb, ikinci nəslinə qarşı müşahidə və kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri və təsərrüfat subyektləri tərəfindən Lənkəran şəhərətrafı 5 hektar tut bağlarında və Girdəni kəndinin yol kənarı 20 hektar ərazisini əhatə edən ağaclarda Amerika ağ kəpənəyinin ikinci nəslinin tırtıllarına qarşı mübarizə tədbirlərinə başlanılıb.

Vilvan İstisu qəsəbəsi, həmçinin Haftoni şəhəri ərazisində tut və müxtəlif ağaclarda 105 hektar sahədə müşahidələr aparılıb. 40 hektar ərazidə sirayətləmə müəyyən edildiyindən kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mexaniki mübarizə zamanı tut və müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları kəsilərək sahədən kənara çıxarılıb və yandırılma yolu ilə məhv edilib. Hazırda Amerika ağ kəpənəyinə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Amerika ağ kəpənəyi Azərbaycanda iki nəsil verir. Bəzi illərdə 3-cü natamam nəslin əmələ gəlməsi müşahidə olunur, lakin payızda soyuqların düşməsi nəticəsində kiçik yaşlı tırtıllar məhv olur. Qışlamış nəslin ilk fərdlərinin pupdan uçması may ayında (çiçəkləmənin əvvəli və ya çiçəkləmə dövrü), yay nəslinin uçması isə iyulun əvvəllərində baş verir. Uçuş 20-30 gün davam edir.

Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili Aqrar Xidmətlər Agentliyinin yerli bitki mühafizəsi mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərlə dərmanlanmalıdır.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə:  xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. maddələrlə aparılmalıdır.

Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır. Zərərverici əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə yüksək səmərə əldə etmək olar.