Masallıda epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər davam etdirilir

“Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərini planlı şəkildə davam etdirir.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, Masallıda aparılan baytarlıq tədbirləri sayəsində rayonda bəslənən heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilmir.

Cari ilin 9 ayı ərzində rayonun 13 sahə baytarlıq məntəqəsi ayrı-ayrı təsərrüfatlarda 84857 baş (o cümlədən 11857 baş cavan iribuynuzlu heyvanda) iribuynuzlu, 93289 baş xırdabuynuzlu və 632 baş təkdırnaqlı heyvanda qarayara, 2531 baş itdə və 3500 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 103846 baş (o cümlədən 12064 baş cavan xırdabuynuzlu heyvanda) xırdabuynuzlu heyvanda çiçək, 93104 baş (o cümlədən 9520 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzlu və 68306 xırdabuynuzlu heyvanda dabaq, 82925 baş (o cümlədən 11857 baş iribuynuzlu cavan iribuynuzlu heyvanda) iribuynuzluda nodluyar dermatit, 30972 baş iribuynuzlu (Şt-19) və 44191 baş xırdabuynuzluda (Rev-1) heyvanda buruselyoz, 877200 baş körpə cücədə (“La-sota” ştammı ilə) və 858753 baş ev quşunda (“H” ştammı ilə) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib.

Həmçinin həssas heyvanlarda bruselyoz xəstəliyini aşkara çıxarmaq məqsədi ilə 1091 baş xırdabuynuzlu və 423 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq Qida Təhlükəsizliyi Agentliyinin Regional sınaq laboratoriyasına göndərilib. Əlavə olaraq vətəndaşlara məxsus 20 baş iribuynuzlu və 20 baş xırdabuynuzlu heyvanlardan alınmış qan nümunələrini bruselyoz xəstəliyinə qarşı aparılan peyvəndin immun fonunu müəyyən etmək məqsədi ilə Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilib.

Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 9 ayı ərzində 1110 quşda askaridioza, 720 baş iribuynuzlu və 730 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 720 baş iribuynuzlu və 730 baş xırdabuynuzlu heyvanda fassilyoza, eləcə də 730 baş xırdabuynuzlu heyvanda tizaniezioza və monezioza görə koproloji müayinələr aparılıb.

Rayonda aparılan peyvəndləmə və invazion xəstəliklər əleyhinə həyata keçirilən tədbirlərlə yanaşı, mal-qara saxlanılan yerlərdə dezenfeksiya işləri də diqqətdə saxlanılırdı. Rayonda cari ilin 9 ayı ərzində mütəxəssislər tərəfindən 4800 kv metr sahə dezenfeksiya olunub. Hazırda Masallı rayonunda xırda buynuzlu və iri buynuzlu heyvanların buruselyozuna qarşı göz damcı üsulu ilə və qara malın dabaq xəstəliyinə qarşı peyvəndləmə davam edir.

Heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilməklə heyvanlara tətbiq edilir.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il rayonun kənd təsərrüfatı heyvanlarını xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standartlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrindən istifadə edilib. Belə ki, cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından istifadə edilib. Eləcə də mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına və xüsusi karantin rejiminin tələblərinə uyğun yerinə yetirirlər. Aparılan tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.

Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasına xüsusi diqqət göstərmələri tövsiyə olunur.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.