• Ana səhifə
  • Xəbərlər
  • Nadir yerli üzüm sortlarının becərmə texnologiyalarının öyrənilməsi işləri davam etdirilir
Nadir yerli üzüm sortlarının becərmə texnologiyalarının öyrənilməsi işləri davam etdirilir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyada tələblərə cavab verən yeni hibrid formalarının yaradılması, qiymətləndirilməsi, perspektiv süfrə, kişmişi, texniki istiqamətli  hibrid formaların seçilməsi və təsərrüfat əhəmiyyətli əlamətlər üzrə yaxşılaşdırılması işləri davam etdirilir. Stansiya əməkdaşları tərəfindən üzümçülük və şərabçılığın ixtisaslaşma xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə müxtəlif aqroekoloji şəraitdə yerli, introduksiya olunmuş üzüm sortlarının kəmiyyət və keyfiyyət parametrlərinin, texnoloji istifadə istiqamətlərinin tədqiq edilməsi istiqamətində tədqiqat işləri aparır.

Son vaxtlar stansiyanın seleksiyaçıları tərəfindən 250-dən çox azyayılmış və naməlum yerli üzüm sortları aşkar edilib öyrənilmiş, onların kolleksiyası salınmış, 40-dan artıq müxtəlif istiqamətli seleksiya hibrid formaları yaradılmışdır. 50-yə yaxın  Amerika calaqaltıları öyrənilmiş, bunlardan 6-sının Gəncə-Qazax zonasına uyğun gəldiyi müəyyənləşdirilmişdir. Stansiyanın təcrübə sahəsində yeni əldə edilən  “Azəri”, “Göygöl”, “Bəhrəli”, “Kəpəz” sortları  dövlət reysterinə daxil edilərək  rayonlaşdırılmış,  “Şirəli”, “Gəncəvi” və  “Emin” adı verilən   yeni hibrid sortları isə sınağa təqdim olunmuşdur.

Aparılan bu tədqiqatlara beynəlxalq elmi mərkəzlər tərəfindən xüsusi əhəmiyyət verilib. Mərkəzi İspaniyanın paytaxtı Madriddə yerləşən “Ticarət liderləri klubu” təşkilatı  Gəncə Üzümçülük və Şərabçılıq Stansiyasını “Beynəlxalq” prizə layiq görmüş, Meksikanın Qvadalaxara şəhərində  keçirilmiş  sərgidə isə “Almaz Ulduz” mükafatı təqdim olunmuşdur.

Eyni zamanda, stansiya əməkdaşları tərəfindən Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən fermerlərə aqronom xidmətləri göstərilir və maarifləndirmə işləri karantin günlərində fasiləsiz olaraq həyata keçirilir. Üzümçülük və şərabçılıqla məşğul olan fermer təsərrüfatlarına, özəl şirkətlərə bağların salınması,  sortların düzgün seçilməsi, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki tədbirlərin elmi əsaslarla tətbiq edilməsi istiqamətində lazımi məsləhətlər verilir. Atılan bu addımlar bölgədəki təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunmasında öz tövhəsini verməkdədir. Hazırda stansiyada nadir, qiymətli yerli üzüm sorlarının (“Xindoqni”, “Bayanşirə”, “Təbrizi” və s.) və yeni hibrid formalarının (“Emin”, “Elmin”, “Kəpəz”, “Göygöl”, “Gəncəvi”, “Şirəli”, “Azəri” və s.) qorunub saxlanılması, səmərəli istifadəsi, becərilmə texnologiyası barədə tədqiqat işləri davam etdirilir. Stansiyada adları çəkilən üzüm sorlarından ibarət 1 hektar sahədə tinglik salınmış və 56 min ədəd bioloji baxımdan sortaməxsus çubuqlar əkilmişdir. Bu sortlardan əldə olunacaq tinglər gələcəkdə fermerlərə tövsiyə ediləcək və onlardan filloksera xəstəliyinə davamlı calaq-üzüm tinglərinin yetişdirilməsində istifadə ediləcək.

Yaz-tarla işlərinin aktiv dövrü olduğu üçün stansiyada bir sıra mövsümi işlər həyata keçirilir. “Xindoqnı”, “Bayanşirə”, “Təbrizi” sortlarının bioloji və genetik baxımdan təmiz formalarının  seçilib artırılması məqsədilə bu sortların yaxşılaşdırılma proqramı həyata keçirilir, köhnə üzüm bağlarında və həyətyanı təsərrüfatlarda, stansiyadakı kolleksiya bağında  sortların tənəkləri etiketlənib, aprobasiya aparılıb və cubuq tədarük olunub. Təsərrüfatın əməkdaşları tərəfindən əvvəlcədən əkin sahəsi təmizlənıb,  torpaq becərmələri, aqrokimyəvi və  meliorasiya işləri həyata keçirilib.