Ölkədə bitki mühafizəsi üzrə ilk milli konfrans keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi üzrə Birinci Milli Konfransı keçirib. Konfrans Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Dünya Bankı (DB) ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunub. Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nazirliyin əlaqədar alt qurumlarının rəhbər və nümayəndələri ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin təmsilçiləri, beynəlxalq təşkilatlarının Azərbaycandakı əlaqələndiriciləri, bitki mühafizəsi üzrə çalışan elmi işçilər, mütəxəssislər, bu sahədə təhsil alan tələbələr iştirak ediblər.
Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Nazirliyin heyvan və bitki sağlamlığına xüsusi əhəmiyyət verdiyini və bu sahələr üzrə həm dövlət vəsaiti, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində mühüm işlər görüldüyünü bildirib
“Yer üzündəki 50 min yeməli bitki növündən 15-i dünya əhalisinin qida enerji dəyərinin 90%-ni təşkil edir. Bunlardan ancaq 3 bitki – buğda, qarğıdalı, düyü bu göstəricinin üçdə ikisini zəbt edir. Təkcə bu rəqəmlər bizə bitki mühafizəsinin necə əhəmiyyətli bir fəaliyyət olduğunu söyləməyə əsas verir”, – deyə AKİA sədri Mirzə Əliyev vurğulayıb. 
Agentlik sədri ölkədə ilk dəfə keçirilən bu konfransın bitki sağlamlığı, bitki mühafizəsi mövzusunda problem və məsələlərin müzakirəsi platformasına çevriləcəyinə əmin olduğunu qeyd edib. Konfransda Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bitki sağlamlığı sahəsində geniş fəaliyyət görüldüyü qeyd edilib. Layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin müstəqillik dövründə ilk dəfə olaraq açılmış bitki mühafizəsi ixtisasına bakalavr pilləsi üçün beynəlxalq standartlara uyğun kurikulum və tədris planlarının işləndiyi, magistr pilləsi üzrə də hazırlanmaqda olduğu bildirilib.
Layihənin Bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılova ölkədə ilk dəfə olaraq Azərbaycan üçün Karantin Əhəmiyyətli Zərərli Orqanizmlərin Atlasının nəşr edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, dünyada bitki mühafizəsi üçün innovativ metodlardan sayılan zərərvericilərə qarşı inteqrir mübarizə üsulları – zərərvericilərin inteqrir idarə olunması üzrə respublikanın 3 bölgəsində təlimlər keçirilib. Hazırda meyvəçilik, kartof və qarğıdalı bitkiləri üzrə təlimlər başa çatıb, pambıq bitkisi üzrə belə təlim Goranboy rayonunda da keçirilib.
Bitki mühafizəsi üzrə mütəxəssis, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bu sahə üzrə ölkəmizdə kadr hazırlığının vacibliyindən danışıb. Qeyd edilib ki, dünyada mövcud olan müasir bilik və bacarıqların, texnologiyaların kadrlara öyrədilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin elmi məsələlər üzrə müşaviri Camal Quliyev təmsil etdiyi qurumda bu sahə ilə bağlı görülmüş işlər barədə məlumat verib.
Konfrans çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda tam təchiz olunmuş laboratoriyaların açılışı olub.
1556790519_1ci.jpg 1556790526_2ci.jpg 1556790612_4cu.jpg 1556790626_9cu.jpg 1556790639_6ci.jpg 1556790649_7vu.jpg 1556790654_5ci.jpg 1556790683_8v.jpg 1556790703__z2i3234.jpg 1556790711_10ccc.jpg 1556790711_ggg.jpg 1556790769_44bb.jpg

  • A
  • A
  • A