Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.
Pambıq sahəsindən götürülmüş nümunələrin üzərində aşkar edilmiş zərərvericinin sarımtıl birəcik - Aphthona lutescens Gyll. (böcəklər dəstəsi-Coleoptera, yarpaqyeyən böcəklər fəsiləsi-Chrysomelidae) olması Respublika Karantin Ekspertiza Mərkəzində təsdiq edilib. Bədən uzunluğu 2 – 2,5 mm olan böcəyin qanadüstlüyü açıq sarımtıl rənglidir. Pambıq bitkisinin səciyyəvi zərərvericisi olmayan bu böcək alaq otlarının (əsasən söyüdyarpaq ağlarotu bitkisinin) yarpaqları ilə qidalanır. Qeyd olunan ərazidə alaq otları üzərində artıb çoxalan birəciklər yaxınlıqda olan pambıq tarlalarına keçib və çüçərtiləri zədələməyə başlayıblar.
Birəciklər yetkin halda müxtəlif yerlərdə, o cümlədən torpağın üst qatında, bitki qalıqlarının altında və digər sığınacaqlarda qışlayırlar. Aprel ayının axırları və may ayının əvvəllərində qışlama yerindən çıxan böcəklər yabanı bitkilərlə qidalanırlar. Tarlalarda mədəni bitkilərin cücərtiləri əmələ gəldiyi zaman böcəklər onların üzərinə keçib , sürətlə qidalanırlar. Qidalanma nəticəsində yarpaqlarda kiçik çökəkliklər əmələ gəlir, zərif yarpaqlarda çökəkciklər tezliklə deşilir. İntensiv yeyilmə nəticəsində iri deşikli zədələr müşahidə olunur. Belə zədələnmə nəticəsində cücərtilər məhv ola bilir, nisbətən iri bitkilər isə böyümə və inkişafdan qalır.
İsti və quru havalar onların zərərli fəaliyyəti üçün daha əlverişlidir. Birəcik yumurtalarıni tarlada torpaq üzərinə qoyur. Yumurtadan çıxan sürfə bitki köklərinin telləri ilə qidalanır və kök ətrafında pup halına keçir. İyunun axırı və iyulun əvvəllərindən etibarən puplardan yetkin birəciklər çıxmağa başlayırlar. Böcəklər alaq otları və mədəni bitkilərlə qidalanır və payızda qışlamaya gedirlər.
Mübarizə tədbirləri:
Birəciklərin kütləvi çoxalmalarının qarşısını almaq üçün bütün vegetasiya ərzində onların sığınacağı və qida mənbəyi olan alaq otları məhv edilməlidir.
Pambıq bitkisinin sürətlə böyüməsinə və inkişafına şərait yaradan aqrotexniki tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir.
Sahələrdə erkən və dərin dondurma şumu aparılmalıdır.
Vegetasiyanın başlanğıcında pambıq cücərtiləri acetamiprid, karbosulfan, indoxacarb və s. tərkibli insektisidlərin biri ilə dərmanlanmalıdır. Birəcik əleyhinə asetamiprid tərkibli Mosetam (0,2 kq/ha), Aseti Super 20% WP (0,2 kq/ha), Paskal SP (0,2 kq/ha), eləcə də karbosulfan tərkiblı Garant 28% EK (1,5 lt/ha) insektisidləri çox səmərəlidirlər. Qeyd etmək lazımdır ki, bu preparatlar pambıq bitkisinin mənənə, trips, hörümcək gənəciyi və pambıq sovkası kimi təhlükəli zərərvericilərinin miqdarca tənzimlənməsində də təsirli mühafizə vasitələridirlər.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Xızıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
24 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edir
24 Iyul 2026
Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib
24 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı İtaliyada AƏMQET proqramı üzrə PhD elmi dərəcəsi alan ilk azərbaycanlı qadın olub
24 Iyul 2026
25-26 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” Mövsüm yarmarkası keçiriləcək
23 Iyul 2026