• Ana səhifə
  • Xəbərlər
  • PAMBIQÇILIQLA MƏŞĞUL OLAN FERMERLƏR YENİ TEXNOLOGİYANIN ÜSTÜNLÜKLƏRİNİ ƏYANİ ŞƏKİLDƏ MÜŞAHİDƏ EDİBLƏ...
PAMBIQÇILIQLA MƏŞĞUL OLAN FERMERLƏR YENİ TEXNOLOGİYANIN ÜSTÜNLÜKLƏRİNİ ƏYANİ ŞƏKİLDƏ MÜŞAHİDƏ EDİBLƏR

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ucarda 10 hektar sahədə yaradılan model təsərrüfatında Çin texnologiyası ilə əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq sahəsinə baxış keçirilib. Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyevin, nazirliyin şöbə müdiri İmran Cümşüdovun iştirakı ilə təşkil olunan tədbirdə 10 rayonun pambıqçılıqla məşğul olan fermerləri, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Fermerlər cərgələnən pambıq tarlasında yeni texnologiyanın üstünlüklərini əyani şəkildə müşahidə ediblər. Nazirliyin mütəxəssisləri Çinə məxsus innovativ texnologiya əsasında əkilən və hazırda becərmə işlərinin aparıldığı pambıq tarlası ilə əyani tanışlıq zamanı iştirakçılara respublikada pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda və Tərtərdə türk və yunan model təsərrüfatları da təşkil olunub. Vurğulanıb ki, bu innovativ texnologiya fermerlərin daha az əziyyət çəkmələrinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləmələrinə səbəb olur. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə də fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektara 200-220 min bitki düşür. Halbuki ənənəvi üsulla aparılan tarlanın hər hektarında 100-110 min pambıq bitkisi olur.

Fermerlərə Çin texnologiyası ilə yetişdirilən sahədə polietilen örtükdən istifadənin əhəmiyyəti əyani şəkildə göstərilib. Belə ki, nümunə üçün polietilen çəkilməyən 5 metr sahədə çıxış müqayisəolunmaz dərəcədə zəif idi. Pambıqçılıqda yeni innovativ texnologiyadan istifadənin məhsuldarlığa ciddi təsir edəcəyi, hər hektardan məhsuldarlığın ən azı 50-60 sentner təşkil edəcəyi diqqətə çatdırılıb. Tarlanın hazırkı vəziyyəti də Ucar torpaqları üçün qeyri-adi görünən bu göstəricini təsdiqləyir.

Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu cür texnologiyaların gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bu, əlbəttə, fermerlərə daha az zəhmətlə yüksək gəlir əldə etməyə imkan verir.

Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.